Nazir Əli Abbasov: «Qarşıdakı 8 ildə Azərbaycanın İKT sektorunun həcmini təxminən 5 dəfə artırmaq lazımdır»

Nazir Əli Abbasov: «Qarşıdakı 8 ildə Azərbaycanın İKT sektorunun həcmini təxminən 5 dəfə artırmaq lazımdır»
# 06 fevral 2013 09:11 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir: «Son illərdə ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25% təşkil edib və bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Təkcə 2012-ci ildə ölkə üzrə ÜDM-in həcmi 54 mlrd. manat, ötən illə müqayisədə real artım tempi isə 2,2% təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən illə müqayisədə 17,3% artaraq 1 503,4 mln. manat təşkil edib. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16,6%, o cümlədən telekommunikasiya sektorunda 17,4%, İT sektorunda 8,6%, poçt sektorunda 18,2%, informasiya sektorunda isə 50,1% təşkil edib».

Ə.Abbasov əlavə edib ki, 2012-ci ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 70-ə bərabər olub: «Hazırda ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və orta dünya göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır».

Nazir həmçinin bildirib ki, «Azərbaycan 2020: İnkişaf konsepsiyası»na əsasən, İKT-nin illik artımını təxminən 18-20% ətrafında saxlamaqla, qarşıdakı 8 ildə sektorun gəlirlərini 8-9 mlrd. ABŞ dollarına çatdırılacağı gözlənilir: «Bu, əsasən rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monitar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT mərkəzlərinin və yüksək texnoloji məhsul və xidmətlərin yaradılması və güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılır. Konsepsiya üzrə həyata keçiriləcək işlər sırasında innovativ sahibkarlığın dəstəklənməsi, İT şirkətlərinə imtiyazlı və münbit biznes mühitinin yaradılması, bu yolla ölkədə yeni sahibkarlığın inkişafını gücləndirmək də yer alıb. Artıq bu ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayacaq ki, onun da əsas istiqaməti İKT sektorunda stimullaşdırmanı həyata keçirməkdir. Fond bu sahədə innovasiyaların tətbiqi, eləcə də tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə dəstək verməklə bu sahənin inkişafına təkan verəcək».

Ə.Abbasovun sözlərinə görə, Azərbaycanın ümumi inkişafına İKT sektorunun töhfəsini vermək üçün qarşıdakı 8 ildə İKT sektorunun həcmini təxminən 4,5-5 dəfə artırmaq lazımdır: «Artıq hədəflər müəyyənləşib, məqsədimiz aydındır. Rabitə və informasiya texnologiyaları sektorundan gözlənilən inkişafın həcmi kifayət qədər böyükdür və biz bu gözləntilərə nail olmaq üçün tam gücümüzlə çalışacağıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR