İctimai Palatanın növbəti sessiyası keçirilib

İctimai Palatanın növbəti sessiyası keçirilib
# 09 mart 2013 12:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib. APA-nın məlumatına görə, iclasda sessiyanın gündəliyi, ölkədəki ictimai-siyasi vəziyyət, İP-in qarşıda duran vəzifələri və cari məsələlər haqqında müzakirələr aparılıb.

İP Koordinasiya Şurasının üzvü, dönəm sədri Qələndər Muxtarlı sessiyanın gündəliyi barədə məlumat verib. Onun sözlərinə görə, gündəliyə ictimai-siyasi vəziyyət və cari məsələlər barədə müzakirələr daxil edilib.

İP KŞ üzvü keçmiş dönəm sədri Köçəri Nağıbəyli də çıxış edərək, İP-in ötən ay qəbul etdiyi bəyanatlar haqqında məlumat verib.

Müsavat başqanı İsa Qəmbər isə ölkədəki ictimai-siyasi vəziyyət barədə danışıb. Onun sözlərinə görə, baş verən son həbslər və gənclərə qarşı irəli sürülən ittihamlar narahatedicidir: “Məqsəd öz yerini tutmuş təşkilatlara zərbə vurmaqdır. Bütün bu hadisələr cəmiyyətin fəallığına gətirib çıxaracaq”.

Müsavat başqanı İctimai Palatanın fəaliyyəti haqqında deyilən fikirlərə də münasibət bildirib: “Çox yaxşı haldır ki, son vaxtlar sosial şəbəkələrdə İctimai Palatanın üzvləri arasında əmin-amanlıqdır. Qarşılıqlı atışmalar, qıcıqlı fikir mübadilələri xeyli azalıb. Amma indi də bəzən İctimai Palataya birbaşa aidiyyəti olmayan şəxslər bu barədə qıcıq yaradıcı fikirlər söyləyirlər və gərginlik yaratmağa maraq göstərirlər. Mən hesab edirəm ki, İctimai Palatanın qərarlarını şübhə altına almağa heç bir əsas yoxdur. Əgər biz seçkidə iştirakla bağlı qərar qəbul etmişiksə, buna çox sakit yanaşmağı bacarmalıyıq. Dostlarımız yenidən boykot söhbətini canlandırmağa çalışırlar. “Seçkilərdə iştirak rejimə xidmət edir” kimi fikirlər artıq yersiz səslənir. Ona görə də bu cür atmacaları bir kənara qoyub, məsələnin mahiyyətinə baxmaq lazımdır”.

Son vaxtlar müxalifətdə yeni birliklərin yaradılmasının zəruriliyi ilə bağlı fikirlərə də münasibət bildirən İsa Qəmbərin sözlərinə görə, bunlar İctimai Palatanın qərarlarına zidd deyil, əksinə, uyğundur: “İlk olaraq biz demokratik qüvvələrin geniş birliyinə nail olmaq barədə qərar qəbul etmişiksə, irəli sürülən bütün təklifləri də İctimai Palatanın qərarı kontekstində dəyərləndirmək imkanımız var”.

İP KŞ üzvü Vidadi Mirkamal qurumun qarşıda duran vəzifələr haqqında danışaraq bildirib ki, İP-in prezident seçkiləri ilə bağlı tövsiyələr sənədi hazırlanıb və bu sənəd haqqında müzakirələr aparılmalıdır: “Bura daxil olan Müsavat Partiyası seçkidə iştirakla bağlı qərar verib, AXCP isə demokratik mühit uğrunda mübarizə aparır. Bütövlükdə İctimai Palata qarşısına konkret vəzifələr qoymalıdır. Öncə İctimai Palatanın seçki qərargahı yaradılmalıdır. Rayonlarda dairələr müəyyən olunmalı və İctimai Palatanın orada nümayəndəliyi olmalı, sonra isə təbliğat kampaniyasına başlanmalıdır. Biz mühitin dəyişməsi uğrunda müzakirə aparmalıyıq”.

AXCP sədri Əli Kərimli isə ölkədə ciddi proseslərin baş verdiyini bildirib. Bu proseslərin səbəbini o, müxalifətin fəaliyyətinin, apardığı maarifləndirici təbliğatın nəticəsi kimi qiymətləndirib. Ə.Kərimli ordudakı əsgər ölümləri, gənclərin həbsi və aksiya iştirakçılarının cərimələnməsini pisləyib. AXCP sədri İctimai Palatanın fəaliyyətinə də toxunaraq, seçki ilə bağlı müəyyən qərarların verildiyini, lakin palatanın bu qərarların icrası sahəsində passivlik nümayiş etdirdiyini bildirib. O, həmçinin İctimai Palatanın müxtəlif qurumlarla birləşməsinin də vacibliyini qeyd edib.

Sonda İctimai Palata son həbslər və cərimələrlə bağlı bəyanat qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR