Nazir: “2025-ci ildə Azərbaycan əhalisinin sayı 11 milyon nəfərə çatacaq”

Nazir: “2025-ci ildə Azərbaycan əhalisinin sayı 11 milyon nəfərə çatacaq”
# 21 may 2015 09:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Məlumat mübadiləsi saatı”nın növbəti iclası keçirilib. İclas həyat səviyyəsinin təhlili və aktuar hesablamalar, habelə Türkiyənin sədrlik etdiyi G20 iştirakçı-ölkələrinin Məşğulluq üzrə İşçi qrupu çərçivəsində keçirilən toplantılarda iştirakın təmin olunması sahəsində görülən işlərə həsr edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Səlim Müslümov nazirliyin fəaliyyət istiqamətlərindən biri kimi, əhalinin həyat səviyyəsinin və qabaqcıl dünya təcrübəsi öyrənilməklə, ümumiləşmiş obyektiv məlumatlar, sosial-iqtisadi sahə ilə bağlı statistik göstəricilər əsasında təhlillər və aktuar hesablamalar, tədqiqatlar aparıldığını, sosial sahə ilə bağlı islahatlar kursunun, hüquqi-normativ bazanın təkmilləşdirilməsi üçün səmərəli təkliflər, büdcə və aktuar proqnozlar hazırlandığını bildirib.

“Əmək bazarı ilə bağlı beynəlxalq göstəricilər əsasında aparılan təhlillər göstərir ki, hələ 2010-cu ildə Azərbaycanda məşğulluq səviyyəsi 61,2% olmaqla Rusiyadakı 57,9%, Türkiyədəki 43%, Avropa Birliyinin üzvü olan Bolqarıstandakı 59,7%, Latviyadakı 59,3% və s. ölkələrdəki müvafiq göstəriciləri üstələyib. Sonrakı illərdə ölkəmizdə bu göstərici daha da yüksəlib, halbuki digər dövlətlər haqqında bunu demək olmaz”, - deyə S.Müslümov bildirib.

Nazir ölkəmizdəki işsizlik səviyyəsinin 4,9% olmaqla, Avropa məkanındakı 11,5%-lik, Avropa Birliyindəki 10%-lik göstəricidən aşağı olduğunu qeyd edib: “Demoqrafik göstəricilər əsasında aparılan təhlillər isə ölkəmizin əhalisinin 2005-2015-ci ilə olan dövrdə 1 mln. 145 min 600 nəfər artdığını göstərir. Verilmiş statistik məlumatlar əsasında aparılan proqnoza əsasən 2025-ci ildə doğulanların sayının 205 300 nəfərə (təbii artım 1,34% sabit qalmaqla) çatacağı, əhalinin sayının 10 mln. 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir”.

Nazir bununla belə doğulan uşaqların sayında gender disbalansının mövcud olduğunu, 2014-cü ildə ölkəmizdə doğulanların 53,6%-ni oğlanların, 46,4%-ni qız uşaqları təşkil etdiyini, bu disbalansın da orta perspektivdə əmək bazarına və sosial sferaya təsirinin araşdırılaraq qiymətləndirildiyini və müvafiq təkliflər hazırlandığını diqqətə çatdırıb.

S.Müslümov bildirib ki, məşğulluq səviyyəsinin və ümumən rifah göstəricilərinin yüksəlməsi əhalinin sayının getdikcə artması şəraitində ünvanlı dövlət sosial yardımı alanların sayının azalması ilə müşahidə olunur. Əgər 2008-ci ildə ölkədə bu yardımı alan ailələrin sayı 160 mindən yuxarı idisə, 2014-cü ilin sonunda bu rəqəm 92,5 minədək azalıb”.

Daha sonra iclasda müzakirə olunan digər məsələyə toxunan S.Müslümov bildirib ki, Türkiyənin dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupunun zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak edir: “Qardaş ölkənin G20-yə sədrliyi dövründə iqtisadi inkişafın məşğulluğun artmasına təsirinin gücləndirilməsi, əmək bazarında iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. kimi məsələlər də prioritet elan olunub. G20 iştirakçı-ölkələrin Məşğuluq üzrə İşçi qrupunun iclaslarında ƏƏSMN-nin əməkdaşları da iştirak edir. Bu da təbii ki, həmin tədbirlər çərçivəsində məşğulluğun artırılması və bu sahədə mövcud olan problemlərin həlli yolları ilə bağlı iştirakçı ölkələr arasında məlumat və təcrübə mübadilələrinin aparılmasında xüsusi önəm kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR