Azərbaycanda xaricdən maliyyələşən layihələrlə bağlı qaydalar dəyişib

Azərbaycanda xaricdən maliyyələşən layihələrlə bağlı qaydalar dəyişib
# 17 oktyabr 2014 15:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisdə “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, “Qrant haqqında” qanun layihəsinə əlavə və dəyişiklik barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

“Qrant haqqında” qanunun edilən əlavəyə əsasən Azərbaycan ərazisində qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunacaq. Azərbaycanda donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Qrant müqavilələrinin (qərarların) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Qeyri-hökumət təşkilatı tərəfindən nəzərdə tutulmuş xidmətlərin göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçiriləcək. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır. Müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.

Ə. Hüseynli bildirib ki, bununla bağlı QHT-lərlə görüşlər keçirilib, narahatlıqlar dinlənilib: “Görüşdə bildirildi ki, bu halda xarici donorlar Azərbaycanda QHT-lərə qrant ayırmaqda maraqlı olmayacaq. Ancaq bizim tələblər qanunidir. Kimlərinsə qrant vermək niyyətləri fərqlidirsə, onlar prosesdən kənarda qalacaqlar. QHT-lərlə məsləhətləşmədən sonra qanun layihəsinə belə təklif də daxil edildi ki, dövlət büdcəsindən maliyyələşdirilən qurumlar da donor qismində çıxış edə bilərlər”.

Millət vəkili İqbal Ağazadə qanun layihəsinin mənfi nəticələri olacağını vurğulayıb: “Avropa təşkilatlarının mənfi imicini qazanacağıq. Bu qədər ağır prosedurlarla hansı xarici donorlar Azərbaycanda fəaliyyətdə maraqlı olacaqlar? Onlar Gürcüstan və Ermənistanda QHT-lərə qrant ayırmaqda maraqlı olacaqlar. Kim qarantiya verir ki, sabah Gürcüstanda banklarda hesab açılmayacaq, Azərbaycanda fəaliyyət göstərən müəyyən QHT-lərə nəğd pul verilməyəcək? Azərbaycan hökumətinə fərqli münasibət bəsləyən QHT-lərə dövlət qurumları, Azay Quliyevin sədri olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant verməyəcəyini siz də, mən də bilirəm”.

MM-in sədr müavini Bahar Muradova deyib ki, Gürcüstan, yaxud Ermənistanda hesab açılması məsələsini əsas götürməklə milli təhlükəsizliyin qorunmasını arxa plana atmaq olmaz: “Bizi qorxutmaq mümkün deyil ki, maliyyə qaynaqları qonşulara getsin. Biz hər manatın nəyə xərcləndiyini bilmək istəyirik, şəffaflığı zəruri sayırıq. Əks halda, qoy o pullar başqa ölkələrə getsin. Biz yardım istəyən yox, yardım verən ölkələrik. Dövlət qurumlarının, Şuranın verdiyi qrantları əksiklik sayanlar varsa, bu, başqa məsələdir. Kim bizimlə bu şərtlərdə işləmək istəyirsə, qapılarımız açıqdır. Onların agentləri də istəyirlərsə, bu şərtlərlə Azərbaycanda fəaliyyət göstərərlər, istəməsələr, xaricə havadarlarının yanlarına gedərlər. İstəyirik ki, bizə dost olan dairələrlə işləyək, dost olmayan dairələrlə işləmək isə bizə lazım deyil”.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda xarici donorların QHT-lərə verdikləri qrantlar Gürcüstan və Ermənistanda QHT-lərə verilən qrantlardan 3-4 dəfə artıqdır: “Bu məbləğ keçən il 22 milyon dollar olub. Ancaq ABŞ Dövlət Departamenti Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycana 3-4 dəfə az vəsait ayırıb. Xoruzun quyruğu burada görünür... Xarici donorların ayırdıqları vəsaitin ən azı 20 faizi mənimsənilir, ona görə qrant alan QHT-lər də qanunsuzluğa sövq olunur. Millət vəkillərindən biri xarici donorların verdikləri qrant hesabına keçirilən tədbirdə iştirak edibmi? Corc Soros özü etiraf etdi ki, Gürcüstanda “qızılgül inqilabı”nda onun böyük rolu var. Leyla Yunusa mülklər alanlar ortaya çıxıb. Yaxud, seçkilərdə monitorinq aparanlara baxaq. Onların heç biri seçki məntəqələrində olmayıb, seçkidə monitorinqi necə aparıblar? O vəsaitlər kütləvi aksiyalara sərf olunub. 5 manat az olsun, ancaq millətə xidmət edin. İndi deyirlər ki, Gürcüstanda hesab açıb, nəğd pul alacaqlar. Bir-iki dəfədən sonra ilişəcək, hüquq-mühafizə orqanları qarşısında cavab verəcəklər”.

MM sədrinin birinci müavini Ziyafət Əsgərov da İ. Ağazadənin arqumentlərinə cavab verib: “Deyirsiniz ki, QHT-lər Ermənistan və Gürcüstanda hesab açacaq, pulu nəğd alacaqlar. İndi Azərbaycana çirkli pullar daxil olmayacaqsa, qapını açmalıyıq? Gürcüstan və Ermənistanda hesab açıb, pul almalarına gəlincə, deməli, biz qapını bağlayırıq, pəncərədən girirlər. Əgər təmiz, şəffafdırlarsa, nədən çəkinirlər? Görək bu pul təyinatına uyğun xərclənir? Azərbaycanda ekologiya, qanunvericilik, insan hüquqları sahəsində layihə həyata keçirmək istəyirsənsə, dövlət qurumlarına layihə ver, qrant al. Axı bilirsiniz ki, xarici donorlardan alınan pul başqa məqsədə xərclənir. Dövlət bilmək istəyir ki, ölkəyə hansı pul gəlir, hara xərclənir. QHT nümayəndələri özləri də etiraf edir ki, bu, belə olmalıdır. Siz dövlətdən şəffaflıq tələb edirsiniz, sizə gələndə isə deyirsiniz ki, qoyun belə işləyək”.

Hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR