Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir

Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir
# 25 iyul 2014 12:47 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, logistik mərkəzin, ət kəsimi müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 2982 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 153,9 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 6600-dan çox yeni iş yerinin yaradılmasına imkan verib. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 851 investisiya layihəsinin maliyyələşdirilməsinə 189,9 mln. manat güzəştli kredit verilib. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-dən çox yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Maştağa qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 22 sahibkarlıq subyektinə 14,3 mln. manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, logistik mərkəz, mebel, istixana konstruksiyaları və qida sənayesi avadanlıqları, ayaqqabı, plastik qapı-pəncərə, tikinti materialları, şirniyyat məhsulları istehsalı sahələrinə yönəldiləcək. Bu layihələrin reallaşdırılması 140-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Sabunçu rayonunda keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Tədbir çərçivəsində həmçinin, Maştağa qəsəbəsində güzəştli kreditin ayrıldığı müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR