Azərbaycan, Gürcüstan, Latviya, Rusiya və Litvada məhbusların sayı Avropa Şurasında orta göstəricidən iki dəfə çoxdur

Azərbaycan, Gürcüstan, Latviya, Rusiya və Litvada məhbusların sayı Avropa Şurasında orta göstəricidən iki dəfə çoxdur
# 20 mart 2013 22:58 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan, Gürcüstan, Latviya, Rusiya və Litvada məhbusların sayı Avropa Şurasında orta göstəricidən – hər 100 min nəfərə 149 məhbus – iki dəfə çoxdur.

APA-nın məlumatına görə, bu barədə AŞPA-nın hüquqi məsələlər Komitəsinin iclasında hazırlanan qətnamədə bildirilir.

Komitə problemin aradan qaldırılması üçün əsasən zorakılıq xarakteri daşımayan əməllər törədən, ilk dəfə məsuliyyətə cəlb olunan şəxslər, gənclər və qadınlar barəsində həbslə nəticələnməyən cəza növlərinin tətbiq edilməsini təklif edir.

Avropa Şurasının statistikasına görə, quruma üzv olan 21 ölkənin həbsxanalarında həddindən artıq sıxlıq hökm sürür. Belə ki, Serbiyada 100 yerlik həbsxanada 172, İtaliyada 152, Kiprdə 151, Yunanıstanda 123, Türkiyədə 115, Fransada 108 məhbus cəza çəkir. AŞPA həmin ölkələri məhbusların saxlanma şəraitini yaxşılaşdırmağa çağırır.

Qeyd edək ki, bu qətnamə AŞPA-nın aprelin 22-26-da keçiriləcək yaz sessiyasında səsverməyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR