Avropa Birliyi Azərbaycanın turizm potensialını araşdıracaq

Avropa Birliyi Azərbaycanın turizm potensialını araşdıracaq
# 04 aprel 2013 13:10 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Birliyi adından çıxış edən Avstriya Federal Təchizat Agentliyi (FTA) və Litva Dövlət Turizm Departamenti və benefisiar olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Tvinninq layihəsinin icrasına başlayır.

«APA-Economics»in məlumatına görə, bu gün Bakıda işə başlayan XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2013) çərçivəsində «Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin imkanlarının gücləndirilməsi» Tvinninq layihəsinin təqdimatı keçirilib.

Layihənin əsas məqsədi Azərbaycan iqtisadiyyatının diversifikasiya prosesində ölkənin turizm sektorunun göstəricilərini yaxşılaşdırmaqdır.

Avropa Birliyi tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 900 min avro təşkil edən layihə 4 komponentdən – səyahət və turizm rəqabət indeksində Azərbaycanın tutduğu yeri (78-ci yer) daha da yaxşılaşdırmaq, Nazirliyin turizm şöbəsinin turizm sənayesi nümayəndələri tərəfindən daha da pozitiv qiymətləndirilməsini təmin etmək, yeni dövlət və özəl investisiyaları cəlb etmək, Azərbaycana turist axını və bundan əldə olunan gəlirlərin artmasını təmin etməkdən ibarətdir.

Layihə 15 ay müddətində icra olunacaq. Bu müddət ərzində Avstriya və Litvadan olan mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi ilə əməkdaşlıq edəcək. Həmçinin, turizm şöbəsinin əməkdaşları üçün Avstriya və Litvaya təcrübə və müqayisə məqsədli səfərlər təşkil olunacaq. Layihənin sonunda Azərbaycanda yerləşən bir turizm zonası seçiləcək və bu zonanın biznes və investisiya potensialını gücləndirmək üçün layihə üzvləri tərəfindən ətraflı təhlil aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR