Azərbaycanda işsizliyin səviyyəsi açıqlanıb

Azərbaycanda işsizliyin səviyyəsi açıqlanıb
# 15 sentyabr 2015 14:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il sentyabrın 1-ə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 mln. 884,1 min nəfər olub, onlardan 4648,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il avqustun 1-ə muzdla işləyənlərin sayı 1 mln. 508 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 877,3 min nəfər, qeyri-dövlət sektorunda isə 630,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,4 min nəfər, qeyri-neft sektorunda isə 1 mln. 472,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,9%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,7%-i tikinti, 6,5%-i emal sənayesi, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i mədənçıxarma sənayesi, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,2%-i təhsil, 18,9%-i topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i yaşayışın təşkili və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Bu ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150,1 saat təşkil edib. Bu il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29 min nəfər olub, onların 38,7%-ni qadınlar təşkil edib.

İşsizliyə görə müavinətin orta məbləği 250,8 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR