Fizuli Ələkbərov: “Gənclər və qadınlar arasında yüksək işsizlik İslam ölkələrinə xas problemlərdir”

Fizuli Ələkbərov: “Gənclər və qadınlar arasında yüksək işsizlik İslam ölkələrinə xas problemlərdir”
# 25 aprel 2013 08:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Təəssüf ki, müasir dünyada əmək və məşğulluq sferasında mövcud olan bir sıra problemlər İslam ölkələri üçün də xarakterikdir. Buraya qlobal böhran səbəbindən çoxsaylı iş yerlərinin bağlanması və bunun işsizliyin artımına təkan verməsi, qeyri-leqal məşğulluq, əməyin mühafizəsinə biganə münasibətdən irəli gələn mənfi stereotiplər, işçi qüvvəsinin rəqabət qabiliyyətinin aşağı olması, iqtisadi mənafelərin bir çox hallarda sosial hüquqları üstələməsi və s. problemlər daxildir”. APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, əhalinin tərkibində çoxluq təşkil edən gənclərin daha çox işsizliyə məruz qalması, qadınlar arasında işsizlik həddinin yüksək olması, işçi qüvvəsinin beynəlxalq standartlara cavab verməməsi, peşə hazırlığı sisteminin əmək bazarının tələblərinə uyğunsuzluğu kimi daha çox İslam ölkələrinə xas problemlər də mövcuddur.

F.Ələkbərovun sözlərinə görə, əmək bazarında gərginliyə səbəb olan belə problemlər, o cümlədən məşğulluq imkanlarını məhdudlaşdıran aşağı keyfiyyətli əmək qüvvəsi, gənclərin iş potensialından yetərincə istifadə edilməməsi təbii ki, iqtisadi tərəqqi və sosial rifah qarşısında problemə çevrilir: “Belə şəraitin uzun müddət davam etməsi isə yalnız sosial tənəzzülə deyil, həm də son nəticədə siyasi sabitliyin pozulmasına rəvac verir və bu, son illərin dünya təcrübəsində özünü göstərən acı bir reallıqdır. Ona görə də hər bir ölkədə, o cümlədən İslam ölkələrində sosial-iqtisadi inkişafın dayanıqlı olması, yoxsulluğun azaldılması insan kapitalının təkmilləşməsinə yönələn strategiyaların hazırlanaraq ardıcıl şəkildə həyata keçirilməsi zərurətini ön plana çıxarır. İlk növbədə əmək qüvvəsinin keyfiyyətcə yüksəldilməsi, peşə təhsilinin qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi, bu sahədə mütərəqqi ideya və innovasiyaların tətbiq olunması, əməyin mühafizəsi sisteminin beynəlxalq konvensiyalara uyğun qurulması həmin strategiyaların vacib komponentləri ola bilər. Ümumiyyətlə, mütərəqqi dünyəvi normalar əmək və sosial müdafiə sistemlərinin cəmiyyətin hər bir üzvünün ehtiyaclarına uyğun qurulmasını ümumi inkişaf prosesləri üçün əsas meyar kimi təyin edir. Bu meyar bizim əməkdaşlıq prioritetləri üzrə görəcəyimiz işlər üçün olduqca önəmlidir. Çünki bizim vahid məramımız nəticə etibarilə ölkələrimizdə vətəndaş firavanlığının təminatı üçün səmərəli iş mexanizmlərinin yaradılmasına xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR