Azərbaycan Fransadan damazlıq heyvan cinslərini idxal edəcək

Azərbaycan Fransadan damazlıq heyvan cinslərini idxal edəcək
# 02 mart 2013 09:24 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Fransada səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Burqundiya regionunun Yon bölgəsində olub və regionun Ali Şurasının prezidenti Andre Vilye ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransanın Yon bölgəsi arasında dostluq və kənd təsərrüfatı sahəsində yaranmış əməkdaşlıq əlaqələri, o cümlədən A.Vilyenin 2011-ci və 2012-ci illərdə Azərbaycana səfərləri zamanı aparılmış danışıqların nəticələri müzakirə edilib. Daha sonra İ.Abasov A.Vilye ilə birlikdə Fransanın «Holstein» və «Sharole» damazlıq heyvan cinslərinə baxış keçirib.

Eyni zamanda, nazir İ.Abasov Yon vilayətinin prefekti Lö Dan ilə görüş keçirib.

İ.Abasov bu regionda həyata keçirilən mədəni və ictimai tədbirlərin iki dövlətlərin xalqlarının yaxınlaşmasında önəmli rol oynadığını və bu kontekstdə Fransada keçirilən bütün tədbirlərin Fransanın həmçinin regionlarında Azərbaycanın geniş təbliği üçün vacib vasitə olduğunu qeyd edib. Qarşı tərəf, Fransanın Milli Assambleyasında ermənilər tərəfindən törədilmiş cinayəti birmənalı olaraq pislədiyini vurğulayıb. Nazir İ.Abasov bu xoşagəlməz hadisənin demokratiyanın əsas mərkəzlərindən sayılan məhz Fransa Milli Assambleyasında baş verdiyindən təəssüfləndiyini bildirib.

Daha sonra İ.Abasov Fransanın Burqundiya regionunun Yon bölgəsinin Şabli şəhərinə səfər edərək, Yon bölgəsinin Ali Şurasının birinci vitse-prezidenti və Şabli şəhərinin meri Patrik Qenro ilə görüşüb, üzüm və şərab istehsalı sahəsində ixtisaslaşan və Göygöl şəhəri ilə əməkdaşlıq haqqında protokol imzalamış bu şəhərlə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Görüşdən sonra İ.Abasov P.Qenro ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında jurnalistlərin suallarına cavab verən İ.Abasov bu səfərin konkret nəticələrə yönəldiyini, Burqundiya regionundan «Sharole» və «Holstein» damazlıq cinsindən olan heyvanların Azərbaycana idxalına dair ilkin razılığın əldə edildiyini və bu heyvanların idxalının Azərbaycan qanunvericiliyinə uyğun həyata keçiriləcəyini bildirib. Eyni zamanda, İ.Abasov mətbuat konfransı iştirakçılarını cari ilin noyabrın 9-10-da Azərbaycanın Gəncə şəhərində keçiriləcək 2-ci Beynəlxalq Şərab Festivalına dəvət edib.

Nazir daha sonra Heydər Əliyev Fondunun Fransa regionlarındakı «Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri» layihəsi çərçivəsində Şabli şəhərində təşkil edilmiş sərginin açılışında və layihə çərçivəsində Şabli kilsəsində azərbaycanlı ifaçıların konsertində iştirak edib.

Qeyd edək ki, İ.Abasov 50-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak etmək məqsədilə Fransada rəsmi səfərdədir. Səfər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR