Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Ordusunun təchizatında olan raketlər havaya qalxmaq imkanına belə malik deyil

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Ordusunun təchizatında olan raketlər havaya qalxmaq imkanına belə malik deyil
# 11 avqust 2014 15:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. «Serj Sarqsyanın müsahibəsində Azərbaycan dövlətinin və xalqımızın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər heç bir təsir qüvvəsinə malik deyil və onun özünün də inanmadığı, erməni xalqının sevdiyi nağıldır, fərziyyədir».

APA-nın bildirdiyinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Müdafiə Nazirliyi bildirir ki, Xocalıda, Dağlıq Qarabağın digər kənd və qəsəbələrində, o cümlədən, onun ətrafındakı yeddi rayonun yaşayış məntəqələrində törətdiyi cinayətlərdə əli günahsız insanların qanına batmış bu cani ən yaxın zamanda Azərbaycan xalqı və beynəlxalq ədalət məhkəməsi qarşısında bütün məsuliyyəti ilə mütləq cavab verəcək.

«Azərbaycan dövləti yalnız öz torpaqlarını, Dağlıq Qarabağı erməni separatçılarından təmizləmək və ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. S. Sarqsyanın dediyi ballistik raketlərə gəlincə, qətiyyətlə bəyan edirik ki, Ermənistan Silahlı Qüvvələrinin sərəncamında olan bu hərbi texnika Azərbaycanın malik olduğu ən müasir silah və texnika ilə heç cür müqayisə edilməzdir. Ermənistan Ordusunun təchizatında olan keçmiş sovet dövründən qalma, nasaz, vaxtı keçmiş və köhnəlmiş silah-sursat, o cümlədən, maye yanacaq mühərrikli “Skad” tipli raketlər (“kerosinka” kimi tanınır) nəinki hər hansı obyekti məhv etməyə, heç havaya qalxmaq imkanına belə malik deyil», - deyə nazirliyin bəyanatında qeyd olunub.

Nazirliyin bəyanatında qeyd olunub ki, bu prosesdə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara əl atarsa, o zaman ən yeni, müasir və yüksək dəqiqliyə malik silahlarla təchiz olunmuş Azərbaycan Ordusu Ermənistan ərazisindəki istənilən hərbi infrastrukturu və strateji obyektləri darmadağın edəcək: «S. Sarqsyanın müsahibəsində söylədikləri Ermənistan dövlətinin və onun hərbi-siyasi cinayətkar rejiminin işğalçılıq siyasətindən əl çəkmədiyinə əyani sübutdur. Bu isə Ermənistan dövlətinin süqutuna və tam məhvinə səbəb olacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR