Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili və keçirilməsi ilə bağlı iclas keçirilib.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda AMEA-nın Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, Təhsil Şöbəsinin rəisi və AMEA-nın elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti aparatının şöbə rəisləri və müavinləri, habelə gündəlikdəki məsələlərə aidiyyəti olan digər məsul işçilər iştirak ediblər.
Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov bildirib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarını qəbul etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti “İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərar qəbul edib. Qərarının icrası ilə əlaqədar doktoranturaya qəbul imtahanları noyabrın 16-dan dekabrın 10-dək, doktorluq imtahanları isə dekabrın 1-dən 20-dək keçiriləcək.
Ə. Sadıqov qeyd edib ki, fəlsəfə fənni üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının qəbul edilməsi məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə imtahan komissiyası yaradılıb və Komissiyaya AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev sədrlik edir.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Doktorantura şöbəsinin rəisi Fərhad Yusifov bildirib ki, doktoranturaya qəbulun və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məqsədilə proqram təminatının hazırlanması ilə bağlı lazımi işlər görülür.