Azərbaycan Dövlət İqtisad Universiteti və London İqtisadiyyat Məktəbi arasında Memorandum imzalanıb - VİDEO

Azərbaycan Dövlət İqtisad Universiteti  və London İqtisadiyyat Məktəbi arasında Memorandum imzalanıb - <span style="color: red;">VİDEO
# 03 aprel 2015 09:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və London Universitetinin London İqtisadiyyat Məktəbi arasında Memorandum imzalanıb.

APA-nın xəbərinə görə, ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, əməkdaşlıq sazişi nəticəsində azərbaycanlı tələbələr universiteti tərk etmədən Bakıda London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edə biləcəklər: “Bizim tələbələrimiz eyni zamanda London İqtisadiyyat Məktəbinin kurikulumu əsasında təhsil alacaqlar. Biz Foundation hazırlıq proqramına da qoşuluruq. Proqramı keçən tələbələr London İqtisadiyyat Məktəbi ilə yanaşı, Böyük Britaniyanın digər nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanacaqlar”.

ADİU-nun rektoru Ə. Muradov qeyd edib ki, əməkdaşlıq sazişinin təşəbbüskarı təhsil naziri Mikayıl Cabbarovdur: “Yol xəritəsini şəxsən cənab nazir Mikayıl Cabbarov özü verib. Biz həmçinin LCCI (London Ticarət və Sənaye Şurası) sertifikatına qoşuluruq. LCCI beynəlxalq sertifikatı dünyanın bir çox tanınmış universitetləri və şirkətləri tərəfindən tanınır. LCCI beynəlxalq sertifikatı dünyanın 80 ölkəsində işə düzəlmək imkanı yaradır. Biz bu gün mütərəqqi təhsil modelinin Azərbaycana gətirilməsinə nail olduq. Həm də bilik uğrunda rəqabətə təkan verdik. Bizim universitetdə birinci kursu əla və orta qiymətlərlə bitirən tələbələr hazırlıq proqramını keçmədən London İqtisadiyyat Məktəbinin birinci kursuna qəbul oluna biləcəklər. Eyni zamanda bizim müəllimlər London İqtisadiyyat Məktəbində dərs demək imkanı qazanacaqlar. Mən onu da qeyd etmək istəyirəm ki, tək bir il ərzində Amerika Birləşmiş Ştatları, Avropa və Kanadada təhsil alan 68 azərbaycanlı gənc Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətə cəlb olunub. Onlardan ikisi məhz London İqtisadiyyat Məktəbinin məzunlarıdır”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında Azərbaycandakı ali məktəblərin beynəlxalq səviyyədə əməkdaşlığının xüsusi önəm daşıdığını söyləyib: “Təhsil Nazirliyi olaraq biz hər zaman ali məktəblərimizin beynəlxalq əməkdaşlığını dəstəkləmişik. Bu müstəvidə bu gün burada imzalanacaq əməkdaşlıq sazişi çox mühüm hadisədir. Azərbaycanda milli kadrların bu proqrama cəlb olunması proqramın bariz üstünlüklərindəndir. Ədalət müəllim qeyd etdi ki, xaricdə təhsil alan 68 azərbaycanlı gənc işə cəlb olunub. Düşünürəm ki, digər sahələrdə olduğu kimi, Azərbaycan təhsil sahəsində də regional gücə çevriləcək. 120 illik tarixə malik London İqtisadiyyat Məktəbi və 85 illik tarixə malik Azərbaycan Dövlət İqtisad Universitetinin birgə əməkdaşlığı ölkəmizin inkişafına öz töhfəsini verəcək”.

Sonra Oksbric Təhsil Mərkəzinin rəhbəri Keyt Şarp London İqtisadiyyat Məktəbi haqda ətraflı məlumat verib.

London İqtisadiyyat Məktəbinin dərəcə proqramının və LCCI proqramının təqdimatı da keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR