Deputatın qətldə təqsirləndirilən qardaşı oğlunun məhkəməsi təxirə salınıb

Deputatın qətldə təqsirləndirilən qardaşı oğlunun məhkəməsi təxirə salınıb
# 25 aprel 2013 13:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində millət vəkili Hüseynbala Mirələmovun qətl törətməkdə təqsirləndirilən qardaşı oğlu Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə zərərçəkmiş şəxsin nümayəndəsi vəsatətlə çıxış edərək, ibtidai istintaq zamanı qanun pozuntularına yol verildiyini deyib. O, cinayət işinin yenidən ibtidai istintaq orqanına qaytarılmasını məhkəmədən xahiş edib. Vəsatətə münasibət bildirən dövlət ittihamçısı isə vəsatətin əsassız olduğunu və cinayət işi üzrə məhkəmə baxışının təyin olunmasını xahiş edib. Hakim isə bildirib ki, bu məsələyə ciddi yanaşırlar və tələsik qərar vermək istəmirlər. Bunun üçün də proses aprelin 30-dək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, R. Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR