«Azqtel» şirkəti Sinqapurda keçirilən «TD-LTE» sammitində «Sazz 4G» interneti təmsil edir

«Azqtel» şirkəti Sinqapurda keçirilən «TD-LTE» sammitində «Sazz 4G» interneti təmsil edir
# 23 aprel 2013 15:50 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın «Azqtel» şirkəti bu gün Sinqapurda işinə başlayan qlobal telekommunikasiya sammitində təmsil olunur.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «İnforma Telecoms və Media» qurumu tərəfindən təşkil olunan və dünyanın öndə gələn İKT şirkətlərinin təmsil olunduğu sammit 2013-cü ildə TD-LTE texnologiyalarının gələcək tətbiqinin və yayılmasının müzakirəsinə həsr onlunmuş ilk qlobal mərasimdir.

Aprelin 23-24-də keçirilən sammitdə dünyanın 150 ölkəsindən 40-a yaxın İKT peşəkarları və liderləri simsiz genişzolaqlı texnologiyaların növbəti nəsli sayılan TD-LTE ekosisteminin reallaşdırılma imkanları və LTE-yə miqrasiya etməklə operatorların mövcud şəbəkələrini genişləndirmə yolları haqqında məruzələr edəcəklər. Bu mötəbər sammitə dəvət olunanlar arasında “AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə sammitin ilk günü məruzə ilə çıxış edib. Sammitin rəsmi veb səhifəsinə müsahibə verən C.Mollazadə Azərbaycanda Mobil WiMax texnologiyası əsasında internet xidmətləri göstərən şirkətin rəhbəri kimi TD-LTE texnologiyasının üstünlüklərindən və yerli operatorların həmin texnologiyaya mümkün keçid yolları haqqında danışıb.

C.Mollazadənin sözlərinə görə, LTE texnologiyası əhatə dairəsi, əlavə xidmətlər və abunə bazasını genişləndirməyə imkan verən daha güclü texnologiyadır. O qeyd edib ki, Wimax və LTE texnologiyaları paralel olaraq da inkişaf edə bilərlər. Onun sözlərinə görə, hələlik Azərbaycanda rəsmi olaraq LTE-nin tətbiqinə başlanmasa da, 2013-2014-cü illərdə bəzi İKT şirkətlərinin öz şəbəkələrini bu texnologiya üzərində qurması gözlənilir. Sazz brendi altında ölkə əhalisinə Mobil Wimax texnologiyasına əsaslanan internet xidmətləri göstərən “AzQtel”-in LTE texnologiyasına miqrasiya etməsinə gəlincə, C.Mollazadə deyib ki, şirkət bu məsələni diqqətlə analiz etmək niyyətindədir.

Yeni nəsil mobil və internet texnologiyası kimi tanınan TD-LTE artıq Avropa və Asiyanın müəyyən qismində tədricən tətbiq olunmağa başlayıb.

Qeyd edək ki, Ceyhun Mollazadə bir müddət əvvəl Yaxın Şərq və Afrika ölkələrinin iştirakı ilə Dubayda keçirilən Broadband MEA 2013 konfransında da məruzəçi qismində Azərbaycanı təmsil edib. Bundan başqa, “Sazz 4G İnternet” aprelin 23-26-da Minsk şəhərində keçiriləcək "TİBO-2013" XX beynəlxalq telekommunikasiya, rabitə, təhlükəsizlik, informasiya və bank texnologiyaları üzrə ixtisaslaşdırılmış sərgi və II Azərbaycan-Belarus informasiya-kommunikasiya texnologiyaları forumuna da qatılacaq. “TİBO-2013” sərgi konfransında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Azərbaycanın İKT sektorunu təmsil edən şirkətlərdən ibarət nümayəndə qrupu iştirak edir.

Azərbaycanın İKT sahəsindəki milli nailiyyətlərinin təqdim olunacağı pavilyonda «Sazz 4G İnternet» şirkəti də təmsil olunur.

Azərbaycanda Mobile WiMAX texnologiyası əsasında qurulmuş SAZZ 4G genişzolaqlı simsiz internet xidməti 2010-cu ildə “AzQtel” şirkəti tərəfindən istismara verilib. Bakı, Xırdalan, Abşeron yarımadasının böyük qismi, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərin əhatə edən SAZZ İnternet Quba, Qusar, Şəki və Zaqatalada da fəaliyyət göstərməyə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR