Moskvada Nursultan Nazarbayev haqqında kitabın təqdimatı olub - FOTO

Moskvada Nursultan Nazarbayev haqqında kitabın təqdimatı olub - <span style="color: red;">FOTO
# 21 may 2015 11:05 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada yazıçı Sergey Plexanovun Qazaxıstan prezidenti Nursultan Nazarbayev haqqında "Dünya liderləri" seriyasından olan "İpək olmayan yol" adlı kitabının təqdimat mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin qəbul evində keçirilən tədbirdə Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, digər ölkələrin səfirləri və rəsmi şəxslər iştirak ediblər.

Səfir P. Bülbüloğlu bildirib ki, Sovet İttifaqı dağılandan sonra Qazaxıstanın dövlət başçısının Nursultan Nazarbayev kimi lider olması qazax xalqı üçün xoşbəxtlik idi: "Bu cəhətdən Qazaxıstanın bəxti gətirdi. Azərbaycan isə 90-cı illərin əvvəlində ölkədə lider olmadığından çox çətin vəziyyətlə üz-üzə qalmışdı. Ancaq 1993-cü ildə Heydər Əliyevin hakimiyyət başına gəlməsindən sonra Azərbaycanda həyat yenidən canlanmağa başladı".

Səfir N. Nazarbayev haqqında yazılan bu kitabda maraqlı məqama toxunub: "Kitabda Gennadi Kolbinin Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunması ilə bağlı maraqlı məqam var. Orada deyilir ki, Kommunist Partiyasının siyasi bürosunun üzvü Heydər Əliyev bu təyinata qarşı çıxıb. Görünür Heydər Əliyev Qazaxıstanda bu adamın qəbul edilməyəcəyini bilirmiş. Lakin onu eşitmədilər, Kolbini Qazaxıstana göndərdilər və nə baş verdisə, bundan sonra baş verdi".

N. Nazarbayevin şəxsiyyətinin miqyasından danışan diplomat bildirib ki, postsovet məkanında xalqının və ölkəsinin məsuliyyətini öz üzərinə götürən liderin olması olduqca vacibdir.

P. Bülbüloğlu Qazaxıstan prezidentinin türkdilli məkanın ruhunun bərpasında və inkişafında xüsusi rolunu da qeyd edib: "Nursultan Nazarbayev beynəlxalq təşkilat olan TÜRKSOY-un yaradılmasının kökündə dayanıb və bu təşkilata hər cür dəstəyi göstərib".

S. Lavrov isə çıxışında N. Nazarbayevin ölkəsini çətin durumlardan xilas etdiyini və bu gün Qazaxıstanı çiçəklənməyə doğru apardığını söyləyib: "Qazaxıstan lideri ölkəsində böyük nüfuza malikdir. Bunu aprelin sonunda ölkədə keçirilmiş prezident seçkilərinin nəticələri də göstərir".

Tədbirdə çıxış edən Qazaxıstanın Rusiyadakı səfiri Marat Tajin MDU rektoru Viktor Sadovniçi, tanınmış telejurnalist Maksim Şevçenko və digərləri N. Nazarbayevin dünya miqyaslı siyasətçi olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR