Azərbaycanda yolüstü və yeraltı keçidlərin tikilməsi və istifadəsi ilə bağlı yeni qaydaların tətbiqi təklif edilir

 Azərbaycanda yolüstü və yeraltı keçidlərin tikilməsi və istifadəsi ilə bağlı yeni qaydaların tətbiqi təklif edilir
# 22 aprel 2015 15:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda “Yol hərəkəti haqqında” qanuna yeni 9-1-ci maddənin əlavə olunması təklif edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, həmin maddədə avtomobil yollarında piyada keçidlərinin tikiləcəyi yerlərin təsbit olunması, piyada keçidləri arasında məsafənin müəyyənləşdirilməsi, yerüstü və yeraltı keçidlərin tikilməsi ilə bağlı yeni qaydalar nəzərdə tutulub.

Yeni maddənin birinci hissəsinə (Piyada keçidləri arasında məsafə, yerüstü və ya yeraltı keçidlərin tikilməsi) əsasən, avtomobil yollarında keçidlər təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddənin ikinci hissəsinə görə isə avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlərin arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.

Maddənin üçüncü hissəsinə görə, avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilə bilər:

1. avtomagistrallarda

2. digər avtomobil yollarında -nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomob/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda.

Maddənin dördüncü hissəsində də deyilir ki, qanuna yeni əlavə edilmiş bu maddənin üçüncü hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 28-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR