ARDNŞ və «ConocoPhillips»in qurudakı layihəsi üzrə ictimai dinləmələr təşkil edilib

ARDNŞ və «ConocoPhillips»in qurudakı layihəsi üzrə ictimai dinləmələr təşkil edilib
# 05 mart 2013 07:17 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və «ConocoPhillips Exploration Azerbaijan Ltd.» şirkəti arasında Azərbaycan ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat sazişinin tərkib hissəsi kimi iki ölçülü (2D) seysmik işlərin yerinə yetirilməsi üçün hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin ilkin layihəsi üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin yekun sənəddə nəzərə alınması üçün ictimai dinləmələr keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ictimai dinləmələr ƏMTQ layihəsinin əhatə etdiyi 14 rayon üzrə 3 şəhərdə - Şəki, Qəbələ, Şamaxı şəhərlərində keçirilib. ƏMTQ sənədi layihənin əhatə etdiyi rayonların mərkəzi kitabxanalarının oxu zallarına verilib, ARDNŞ-in Ekologiya İdarəsinin saytında yerləşdirilib və ictimaiyyətin sənədlə sərbəst tanış olmasına şərait yaradılıb. İctimai dinləmələr barədə yerli mətbuat orqanlarında əvvəlcədən elan verilib. İlk görüş fevralın 27-də Qax, Şəki, Oğuz rayonları və Mingəçevir şəhəri üzrə Şəkidə keçirilib. Növbəti görüş fevralın 28-də Yevlax, Qəbələ, Göyçay, İsmayıllı, Ucar, Ağdaş rayonları üzrə Qəbələdə təşkil edilib. Layihənin ictimaiyyətə çatdırılması prosedurasının son mərhələsi isə martın 1-də layihənin əhatə etdiyi Ağsu, Şamaxı, Kürdəmir, Qobustan rayonları üzrə Şamaxıda baş tutub.

Görüşlərdə layihənin əhatə etdiyi rayonların yerli icra orqanları, icma nümayəndələri, qeyri-hökumət təşkilatları, bələdiyyələr və digər maraqlı tərəflərin nümayəndələri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Dinləmələrdə «ConocoPhillips Exploration Azerbaijan Ltd.» və ARDNŞ-in Ekologiya İdarəsinin əməkdaşları 2D seysmik işlərin yerinə yetirilməsinin mahiyyəti haqqında məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Layihə üzrə rəy və təkliflər öyrənilib. Sonda ictimai dinləmələrin uğurla başa çatdığı bildirilib, əldə edilmiş nəticələr məqbul sayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR