Azərbaycan banklarının mərkəzləşdirilmiş kredit bazarında aktivliyi kəskin artıb

Azərbaycan banklarının mərkəzləşdirilmiş kredit bazarında aktivliyi kəskin artıb
# 15 fevral 2013 13:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin həcmi (yenidən maliyyələşdirmə) 2013-cü il yanvarın 1-nə 3,288 mlrd. manat təşkil edib ki, bu da 2012-ci il yanvarın 1-nə nisbətən 61,8% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə AMB-nin hesabatında deyilir.

Hesabata əsasən, təkcə dekabr ayında yenidən maliyyələşdirmənin həcmi 620,7 mln. manat və ya 23,3% artıb:

Beləliklə, ötən il, xüsusən də ilin sonunda Azərbaycanın kommersiya bankları mərkəzləşdirilmiş kredit bazarında cəlbetməni kəskin artırıb. Müqayisə üçün bildirək ki, 2011-ci ildə yenidən maliyyələşdirmənin həcmi 170, 8 mln. manat və ya 9,2% artıb.

Qeyd edək ki, mərkəzləşdirilmiş kredit bazarı kommersiya banklarının cari likvidliyinin təmin olunması və bərpa edilməsi üçün istifadə edilir. Cədvəldən göründüyü kimi, sonuncu dəfə bu dərəcədə yüksək cəlbetmələr 2009-cu ildə müşahidə olunub ki, bu da həmin dövrdə dünya maliyyə böhranının nəticələri kimi Azərbaycan banklarında likvidliyin aşağı düşməsi ilə əlaqədar olub. Lakin 2012-ci ildə hər hansı böhran əlamətləri müşahidə olunmayıb. Hətta bankların əsas resurs bazası hesab olunan depozit portfeli 2012-ci ildə 1,252 mlrd. manat və ya 13,3% artıb. Müqayisə üçün qeyd edək ki, əsas böhran ili olan 2009-cu ildə bankların depozit portfeli 81,1 mln. manat azalıb ki, bu da banklarda resurs bazası ilə bağlı problemlərinin əyani sübutu olub. Lakin göründüyü kimi, 2012-ci ildə vəziyyət normal olub. Bu səbəbdən, kommersiya banklarının mərkəzləşdirilmiş kredit bazarında ötən ilki aktivliyinin səbəbləri aydın deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR