Moskva hökuməti Söyün Sadıqovu məhkəməyə verib

Moskva hökuməti Söyün Sadıqovu məhkəməyə verib
# 12 mart 2013 07:43 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, buna səbəb Söyün Sadıqovun sahibi olduğu “Mosrekonstruksiya” şirkətinin yerləşdiyi bina ilə bağlı yaranmış problemdir. Hökumətin iddiası əsasında qaldırılan işə aprelin 16-da Moskva Arbitraj Məhkəməsində baxılacaq.

Bu barədə APA-nın Moskva müxbirinə açıqlama verən Söyün Sadıqov ofisindən çıxarılması barədə xəbərlərin əsassız olduğunu deyib: “Məsələnin “AzərRos”a və yeni yaratdığı Rusiya Milli Vahid Partiyasına heç bir aidiyyəti yoxdur. Moskvada bir neçə yerdə ofisim var. Hal-hazırda “Mosrekonstruksiya” adlı şirkətimin yerləşdiyi ofislə bağlı Moskva hökuməti ilə problem yaranıb. Xavskaya küçəsi, 26 ünvanında yerləşən həmin bina yataqxanadır. Yataqxananın bir hissəsi mənimdir, bir hissəsi isə Moskva hökumətinin balansındadır. İndi isə Moskva hökuməti mənim ofisimin yerləşdiyi hissəyə də məhkəmə iddiası qaldırıb. Eynilə mən də onları məhkəməyə vermişəm. İşə Moskva Arbitraj Məhkəməsi baxır. Məhkəmə prosesi aprelin 16-da olacaq. Heç kəs məni ofisimdən çıxartmayıb. Bu, sırf iqtisadi məsələdir, Moskva hökuməti ilə mənim sahibi olduğum “Mosrekonstruksiya” şirkəti arasında ərazi üstündə gedən bir mübahisədir”.

S. Sadıqov “AzərRos”un ofisinin paytaxtın digər ərazisində, Krasnaya Presnya, 24 ünvanında yerləşdiyini söyləyib: “Həmin ofis də mənimdir. “AzərRos” bu ünvanda fəaliyyət göstərir”.

Qeyd edək ki, dünən Moskva Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşlarının Söyün Sadıqovu Xavskaya küçəsi, 26 ünvanında yerləşən ofisindən zorla çıxardığı barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR