Mikayıl Cabbarov: “Ölkə universitetlərinin beynəlxalq resurslara birbaşa çıxışı təmin edilməlidir”

Mikayıl Cabbarov: “Ölkə universitetlərinin beynəlxalq resurslara birbaşa çıxışı təmin edilməlidir”
# 18 dekabr 2014 12:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu gün təhsil elmdən ayrı təsəvvür edilə bilməz. Ali məktəblərdə təhsil prosesi elmi innovasiyalar üzərində qurulmalı olduğu üçün universitetlər elm-təhsil mərkəzləri kimi çıxış etməli, elmi təşkilatlarla daha sıx əlaqəli olmalı, birgə tədqiqatlar aparmalıdır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetinin 95 illik yubileyində çıxışı zamanı deyib.

M. Cabbarov bildirib ki, beynəlxalq elmi mühitlə daim təmasda olmadan elmi tədqiqat işləri aparmaq mümkün deyil. O qeyd edib ki, elmin inkişafını təmin etmək üçün elmi nailiyyətin və alimlərin fəaliyyətlərinin obyektiv şəkildə qiymətləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu gün beynəlxalq aləmdə elmi məqalələrin və alimlərin qiymətləndirilməsi üzrə müxtəlif elmi informasiya bazalarının mövcud olduğunu söyləyən M. Cabbarov əlavə edib ki, Azərbaycan universitetləri onların imkanlarından istifadə etsə, bu, təcrübəli və beynəlxalq səviyyədə mütəxəssislərin aparıcı mövqe tutmasına imkan yaradar, kadr məsələlərində mövcud subyektiv faktorların təsirinin minimuma endirilməsinə yardım edər: “Bunu nəzərə alaraq ölkə universitetlərinin beynəlxalq resurslara birbaşa çıxışı təmin edilməlidir. Təhsil Nazirliyi bu istiqamətdə addımlar atacaq. Azərbaycan dövlətinin əsas prioritetlərdən biri təhsil sferasının inkişafıdır. Müasir dünyada hər bir ölkənin tərəqqisi və gələcəyi həmin ölkədə təhsilin gələcəyi, elmi-texniki tərəqqi, təhsilə verilən önəm və təhsil sahəsində aparılan islahatlarla müəyyən olunur. Azərbaycan ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ölkə iqtisadiyyatının inkişaf meyllərinə uyğun, yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, səmərəli ali təhsil sisteminin qurulması dövlət siyasətinin əsas prioritet sahəsidir. Ali təhsil müəssisələrində tədrisin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, tələbə, magistr və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədrisə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması təhsilin keyfiyyətinin yüksəldilməsinin zəruri şərtlərdəndir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR