Nazirlik: Sentyabrda 1 800-dən çox əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Nazirlik: Sentyabrda 1 800-dən çox əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb
# 07 oktyabr 2015 08:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin sentyabr ayında həyata keçirilən dövlət nəzarəti zamanı müxtəlif müəssisələrdə 1 803 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əsasən özəl sektora aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində aşkar olunan həmin hüquq pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. İnzibati xətalara yol vermiş işəgötürənlərə qarşı qanunvericilikdə nəzərdə tutulan məbləğlərdə cərimələr tətbiq olunub. Cərimələrin 35,7%-i (185 419 manat) dövlət büdcəsinə ödənilib.

DƏMX tərəfindən təsirli nəzarət tədbirləri və işəgötürənlər arasında davamlı təbliğat və maarifləndirmə işləri əmək qanunvericiliyinin pozulması hallarının cari ilin 9 ayında da azalması ilə müşahidə olunub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında iş yerlərində aşkar edilən belə hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11%-ə yaxın azalaraq 13 202-yə enib.

Həmin inzibati xətalara görə, işəgötürənlərə tətbiq olunan cərimələrin 44%-nin, yəni 1 585 342 manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR