Azərbaycan Müəllimlərin İnkişaf Mərkəzi Oksford Universiteti Nəşriyyatı ilə birlikdə ingilis dili müəllimləri üçün seminar keçirəcək

Azərbaycan Müəllimlərin İnkişaf Mərkəzi Oksford Universiteti Nəşriyyatı ilə birlikdə ingilis dili müəllimləri üçün seminar keçirəcək
# 27 aprel 2015 12:36 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Müəllimlərin İnkişaf Mərkəzi Oksford Universiteti Nəşriyyatı ilə birlikdə 16 may 2015-ci il tarixdə ingilis dili müəllimləri üçün seminar keçirəcək.

APA-nın məlumatına görə, seminarın məqsədi ingilis dilinin tədrisi sahəsində dünyanın qabaqcıl təcrübələrini Azərbaycana gətirmək üçün Oksford Universiteti Nəşriyyatının dərc etdiyi kitablardan səmərəli istifadə yollarını müəllimlərə öyrətməkdir.

Seminarın təlimçiləri Oksford Universiteti Nəşriyyatının dərc etdiyi Adult Headway Pronunciation Course və Primary Happy Series kitablarının müəllifi Bill Bowler və At your Service, the Passport series, Get Real!, Business Venture kitablarının müəllifi Angela Buckinghamdır.

Seminarda fəallığı ilə seçilən müəllimlərlə gələcəkdə əməkdaşlıq nəzərdə tutulur. Seminarın sonunda iştirakçılara Azərbaycan Müəllimlərin İnkişaf Mərkəzi, Oksford Universiteti Nəşriyyatı və TEAS Press adından sertifikat da veriləcək. Seminar Avropa Azərbaycan Məktəbində təşkil olunacaq.

Seminarda iştirak üçün istər özəl, istərsə də, dövlət məktəblərində, universitet və kolleclərdə, eləcə də, özəl dil kurslarında dərs deyən ingilis dili müəllimləri müraciət edə bilər.

Seminarda iştirak etmək üçün ərizə forması və digər şərtlərlə bağlı məlumat [email protected] elektron poçtu vasitəsilə əldə edilə bilər. Son müraciət tarixi 6 may 2015-ci ildir.

Qeyd edək ki, Azərbaycan Müəllim İnkişafı Mərkəzi 2014-cü ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilmişdir. Mərkəzin missiyası fasiləsiz pedaqoji təhsili təmin etməklə müəllim və digər təhsil işçilərinin peşəkar səviyyəsinin yüksəldilməsindən, müasir pedaqoji-psixoloji nəzəriyyə, yanaşma və təcrübələrə əsaslanan yüksək keyfiyyətli əlavə təhsil xidmətləri göstərməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR