Azərbaycanda dializlə əhatə olunan xəstələrin sayı hər il 20-22 faiz artır

Azərbaycanda dializlə əhatə olunan xəstələrin sayı hər il 20-22 faiz artır
# 29 iyun 2016 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır.

APA-nın xəbərinə görə, M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Klinik Tibbi Mərkəzdə keçirilən dəyirmi masada bildirib ki, müxtəlif ölkələrdə hər milyon nəfərə 800-1000 XBÇ xəstəsi düşür və onlardan 250-650 nəfər dializ müalicəsi alır.

Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində 2900-dən artıq xəstə dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir. F. Babayev qeyd edib ki, hemodializ mərkəzlərindən 27-si regionlarda, 7-i isə Bakıda fəaliyyət göstərir: “Müqayisə üçün qeyd edim ki, 2003-cü ildə Azərbaycanda 1, 2006-cı ildə isə cəmi 4 hemodializ şöbəsi var idi. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializlə əhatə edilən xəstələrin sayı hər il 20-22 faiz artır. Dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı da tam həcmdə dövlət tərəfindən qarşılanır. Xəstələrə 171 həkim-nefroloq, 408 orta tibb işçisi xidmət göstərir”.


F. Babayev qeyd edib ki, xroniki böyrək çatışmazlığı hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Onun sözlərinə görə, böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar XBÇ-nin baş verməsinə səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR