Azərbaycan hökumətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi təklif olunub

Azərbaycan hökumətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi təklif olunub
# 01 aprel 2015 09:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Bu il fevralın 18-də Azərbaycan hökumətinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya dair V Dövri Hesabatı dinlənilərkən Azərbaycan hökumətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi və səlahiyyətlərinin artırılması təklif olunub”.

Bu sözləri APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, bu gün xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsində canlanma müşahidə olunur: “Komitənin nazirliyə çevrilməsi və səlahiyyətlərinin artırılması müsbət hadisə olardı”.

E.Səfərov bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin övladlığa vermə, maarifləndirmə işlərinin aparılması, qanun layihələri ilə bağlı təkliflərin verilməsi, məhkəmələrdə, digər dövlət qurumlarında, cəmiyyətdə qadın və uşaqların hüquqlarını müdafiə etmək səlahiyyətləri mövcuddur: “Həmin V Dövri Hesabat çərçivəsində Azərbaycanda son 4-5 il ərzində baş verən dəyişikliklər, xüsusilə gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı və erkən nikahlarla bağlı mübarizədə, habelə digər məsələlər üzrə inkişaf müsbət qiymətləndirilib. Lakin müəyyən irad və təkliflər də BMT tərəfindən irəli sürülüb. Bildiyiniz kimi, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mərkəzi qurumdur. Xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aparılan işlər dövlətin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Həmin işi həyata keçirmək üçün yaradılmış mərkəzi qurumun təkmilləşdirilməsi, nazirliyə transformasiya edilməsi məsələsi artıq aidiyyəti orqanlardan asılıdır. Biz üzərimizdə düşən səlahiyyətləri yerinə yetiririk. Regionlarda on bir dənə mərkəzimiz gündəlik olaraq fəaliyyət göstərir. Komitənin nazirliyə çevrilməsi beynəlxalq təşkilatın təklifidir. Hesab edirik ki, BMT-nin müraciəti nəzərə alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR