IFC, Mərkəzi Bank və Azərbaycan Bank Tədris Mərkəzi birgə forum keçirib

IFC, Mərkəzi Bank və Azərbaycan Bank Tədris Mərkəzi birgə forum keçirib
# 03 oktyabr 2014 15:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Ecobomics. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Mərkəzi Bank və Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən birgə təşkil edilən bugünkü forumda Azərbaycan şirkətlərinin fəaliyyətlərinin gücləndirilməsi və investisiya axınının daha da artırılmasında düzgün korporativ idarəetmə təcrübələrinin rolu barədə danışılıb.

IFC-dən « APA-Economics »ə daxil olan məlumatda bildirilir ki, İsveçrə Dövlət İqtisadi İşlər Katibliyinin (SECO) maliyyə dəstəyi ilə IFC-nin Avropa və Mərkəzi Asiyada Korporativ İdarəetmə Proqramı tərəfindən Bakıda təşkil edilən Korporativ İdarəetmə Forumunda Azərbaycan şirkətlərindən sahibkarlar və dövlət nümayəndələri bir yerə toplanaraq, güclü korporativ idarəetmə təcrübələrinin tətbiqi ilə bağlı çətinliklər və bu təcrübənin faydalarını müzakirə edib. Güclü korporativ idarəetmə şirkətin fəaliyyət nəticələrini yüksəldə, rəqabət qabiliyyəti və mənfəətliliyini artıra, şirkətlərin kapital, investisiya və yeni tərəfdaşlar cəlb etməklə mühüm dərəcədə genişlənməsinə yardım edə bilər.

“Korporativ idarəetmə təcrübələrinin geniş tətbiqi şirkətlərin maliyyə vəsaitinə çıxışını asanlaşdırır və ümumilikdə ölkənin iqtisadi inkişafına dəstək verir”, - deyə Mərkəzi Bankın baş direktoru Rəşad Orucov qeyd edib.

Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib ki, güclü korporativ idarəetmə təcrübələri Azərbaycan şirkətlərinə və maliyyə təşkilatlarına real faydalar verə bilər. Belə ki, bu təcrübələr şirkətlərin irəliləməsi, inkişaf etməsi və uzunmüddətli məqsədlərinə nail olması üçün güclü bir alətdir.

“Bugünkü forum korporativ idarəetmənin dünya miqyasında təşviqi üzrə tanınmış lider olan IFC üçün daha bir imkan olub ki, mövcud uğurları ilə paylaşaraq bu standartların özəl sektor üçün faydalarını real nümunələrdə bizə nümayiş etdirək”, – deyə IFC-nin Azərbaycanda nümayəndəsi Aliyə Əzimova bildirib. - “Biz ümid edirik ki, Azərbaycan şirkətləri təqdim edilən tövsiyələrə riayət edəcək və bundan çox gözəl nəticələr əldə edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR