Belarus mühəndisləri “ağıllı” pilotsuz uçuş aparatı hazırlayıblar

Belarus mühəndisləri “ağıllı” pilotsuz uçuş aparatı hazırlayıblar
# 18 avqust 2012 10:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Belarus mühəndisləri MDB məkanında ilk dəfə olaraq “ağıllı” pilotsuz uçuş aparatı (PUA) hazırlayıblar. Bu barədə APA Belarus KİV-lərinə istinadən məlumat verib.

Avtomatik qalxma və enmə xüsusiyyətinə sahib olan PUA Minsk Aviatəmir Zavodu və “Kvand İS” firmasının birgə layihəsi çərçivəsində hazırlanıb. Artıq PUA ilk sınaqlarını keçib. Növbəti uçuş sınaqlarının payız və qış aylarında keçirilməsi planlaşdırılır.

Aparatın hərəkətini idarə etmək üçün xüsusi proqramda uçuş marşrutunu, hündürlüyü və lazımi parametrləri göstərmək lazımdır. Bundan sonra bütün funksiyaları PUA özü yerinə yetirir. Aparatın paraşütü tam yığılmadıqda, yanacaq çəni tam doldurulmadıqda uçuşdan imtina edir. Fövqəladə vəziyyətdə peykdən verilən siqnal itərsə, PUA iki kompasın, hündürlük ölçənin və avtonom naviqasiyanın köməyi ilə öz uçuş trayektoriyasını müəyyənləşdirir. Enmə zamanı problem yaşandıqda isə paraşütdən istifadə edir. Aparatdan video və məlumatlar mərkəzə real vaxt rejimində modem vasitəsilə ötürülür. Mərkəzdən PUA-nı əl rejimində də idarə etmək mümkündür.

PUA-nın maksimal sürəti 200 km/saat, yanacaq çəninin həcmi 5 litr, aparatın çəkisi 65 kq, maksimal uçuş hündürlüyü 3000 metr, baza modifikasiyasının faydalı yükü 5 kq təşkil edir. Aparatda istifadə edilmiş avadanlıqların 90 faizi Belarus, mühərrik və sükan qurğusu isə Almaniya istehsalıdır. Belarus MDB, Afrika və Latın Amerikası ölkələrini PUA-nın satışı üçün real bazar olaraq görür.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR