Səhiyyə Nazirliyi “Məişət malları” ASC-də baş vermiş yanğınla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi “Məişət malları” ASC-də baş vermiş yanğınla bağlı məlumat yayıb
# 18 sentyabr 2012 10:21 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 17-si saat 17.28-də Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına (TTYS) “Məişət malları” ASC-də (keçmiş Yuyucu Vasitələr Zavodunda) neft məhsullarının əlavə qalıqlarının yanması nəticəsində baş vermiş qəza ilə əlaqədar məlumat daxil olub. Təcili Tibbi Yardım Stansiyasının baş həkimi tərəfindən dərhal Səhiyyə şöbəsinə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Saat 17.30-da Təcili Yardım Stansiyasından ilk 2 briqada, 5 dəqiqə sonra əlavə 3 briqada, daha 8 briqada (cəmi 12 briqada) dərhal hadisə yerinə göndərilib.

Hadisə yerində olmuş Sumqayıt Səhiyyə şöbəsinin müdiri Ə. Tağıyev, əlavə Təcili Tibbi Yardım briqadalarının işini təşkil edib. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onların hospitalizasiyası işi təşkil olunub. Həkim-mütəxəssislər mobilizasiya edilib, bütün xəstəxanalar və xüsusilə Təcili Tibbi Yardım Xəstəxanası xəsarət alanlara tibbi yardım göstərilməsi üçün tam hazır vəziyyətə gətirilib.

TTYS-nın briqadaları müəssisə ərazisində olan 2 çıxışda və süni surətdə yaradılmış 3-cü çıxışda yerləşdirilib. Qəza hadisəsi zamanı Təcili Yardım maşınları ilə 10 zərərçəkən şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Zərərçəkənlər tələb olunan tibbi yardımla tam təmin olunublar. Hadisə yerində müxtəlif şikayətlərlə stress fonunda (istivurma, arterial təzyiqin yüksəlməsi və s.) olan 9 nəfər şəxsə yerində tibbi yardım göstərilib və evə buraxılıb.

Saat 17.57-də birinci, saat 23.30-da isə ikinci şəxsin, səhər saatlarında isə aşkarlanmış daha bir şəxsin meyitləri Sumqayıt şəhər Məhkəmə Ekspertizası və Patoloji Anatomiya şöbəsinə gətirilib. Ümumilikdə bu saatlara kimi 3 ölü aşkarlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR