Azərbaycanda standartlara cavab verməyən bir neçə məhsulun istehsalı dayandırılıb - FOTOSESSİYA

Azərbaycanda standartlara cavab verməyən bir neçə məhsulun istehsalı dayandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 06 avqust 2012 14:48 (UTC +04:00)
Bakı – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bəzi istehsal müəssisələrində aparılmış yoxlamaların nəticələri və bununla əlaqədar görülən tədbirlər barədə məlumat yayıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhərində fiziki şəxs Aqil Sultanova məxsus sexdə tort və pirojnalar, şərq şirniyyatları, keks və bulka məmulatları, fiziki şəxs Xanağa Məlikova məxsus sexdə çörək, fiziki şəxs Elman Tarıverdiyə məxsus sexdə süd məhsulları, Abşeron rayonunda fiziki şəxs Yusif Şəfiyevə məxsus sexdə «Abşeron broyler» əmtəə nişanlı toyuq içalatı və toyuq hissələri, becərilən təzə şampinyon və asılqal göbələkləri, Lənkəran rayonunda fiziki şəxs Ağababa Qasımova məxsus sexdə çörək istehsalı və satışı qadağan edilmiş, istehlakçıları çəkidə aldatdığına görə «Qaradağ Tikinti Materialları» ASC tərəfindən istehsal olunan və üzərində «Qaradağ-BQZ» əmtəə nişanı ilə satışa buraxılan sementlə bağlı toplanmış faktlar Baş Prokurorluğa göndərilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-ti,25/6 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Aqil Sultanova məxsus müəssisədə dövlət nəzarəti aparılmışdır. Müəyyən olunub ki, müəssisə tort və pirojnaların, şərq şirniyyatlarının, keks və bulka məmulatlarının istehsalını texnoloji təlimat və resepturalar olmadan həyata keçirir, istehsal olunan məhsulların gigiyenik uyğunluq sertifikatları yoxdur. Nəticədə sexdə tort və pirojnaların, şərq şirniyyatlarının, keks və bulka məmulatlarının istehsalı və satışı qadağan edilib.

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Yusif Şəfiyevə məxsus müəssisədə isə aşkar edilib ki, müəssisədə becərilən təzə şampinyon və asılqal göbələyi uyğunluq sertifikatları olmadan istehsal edilir, məhsulların markalanması düzgün aparılmır. Belə ki, becərilən təzə şampinyon göbələyinin saxlama müddəti standarta əsasən 2 gün olduğu halda, əsassız olaraq 10 gün göstərilir və s. Aşkar olunmuş nöqsanlara görə müəssisədə təzə şampinyon və asılqal göbələklərinin, həmçinin toyuq içalatının və toyuq hissələrinin istehsalı və satışı qadağan edilib.

Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi,10 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Xanağa Məlikova məxsus, eləcə də Lənkəran rayonu, Vilvan kəndində sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Ağababa Qasımova məxsus çörəkbişirmə sexlərində aparılan nəzarət zamanı aşkar edilib ki, burada məhsul reseptura və texnoloji təlimat olmadan, sertifikatlaşdırılmadan istehsal edilir. Burada da istehsal qadağan edilib.

Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolu ünvanında fəaliyyət göstərən fiziki şəxs Elman Tarıverdiyə məxsus sexdə süd məhsullarının istehsalına dövlət nəzarəti zamanı müəyyən edilib ki, məhsullar qanunvericiliyin tələblərinə zidd olaraq texnoloji təlimat və reseptura olmadan istehsal olunur. Burada da süd məhsullarının istehsalı və satışı qadağan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR