Bakıda TAIEX layihələri üzrə seminar keçirilib

Bakıda TAIEX layihələri üzrə seminar keçirilib
# 27 sentyabr 2012 15:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin «Twinning», TAIEX və «Sigma» əməliyyatları üzrə Proqram İdarəetmə Qurumunun və Avropa İttifaqının «Azərbaycanda «Twinning», TAİEX və «Sigma» əməliyyatlarının tətbiqi (ITTSO) II» layihəsinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət qurumları üzrə «Twinning», TAIEX və «Sigma» alətləri ilə məşğul olan əlaqələndirici şəxslər üçün Azərbaycanda TAIEX alətinin tətbiqinə dair seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminarda Avropa İttifaqının ekspertləri ilə yanaşı, ölkənin bir sıra dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Proqram İdarəetmə Qurumunun direktor müavini, İqtisadi İnkişaf Nazirliyi beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Ruslan Rüstəmli Avropa İttifaqının TAIEX yardım aləti barədə məlumat verib və bildirib ki, Proqram İdarəetmə Qurumunun həyata keçirdiyi tədbirlər nəticəsində TAIEX alətinə müraciətlərin sayı ildən-ilə artır. Belə ki, 2011-ci il ərzində dövlət orqanları Avropa Komissiyasına TAIEX üzrə 34 layihə ilə müraciət edib. Bu ilin birinci yarısında isə Azərbaycan dövlət qurumları tərəfindən seminar, ekspert missiyası və təlim səfərləri keçirmək üçün edilmiş müraciətlərin 31-i qəbul edilib və qurumlar 20-dən çox TAIEX tədbirində iştirak edib.

Tədbirdə Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun institusional quruculuq şöbəsinin Azərbaycan üzrə əlaqələndirici şəxsi xanım Maria Luisa Sançez «TAIEX alətinə dair proseduralar. Ən yaxşı müraciət formasının hazırlanmasına dair praktiki nümunələr» mövzusunda təqdimatla çıxış edib.

Seminarda aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil etdikləri dövlət orqanları tərəfindən TAIEX aləti vasitəsilə həyata keçirilən layihə və proqramların icrası barədə məlumat veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR