«Fitch Ratings» agentliyi daha bir Azərbaycan bankına reytinq verib

«Fitch Ratings» agentliyi daha bir Azərbaycan bankına reytinq verib
# 03 noyabr 2012 08:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Atabank» ASC-yə «Sabit» proqnozla «B-» səviyyəsində reytinq verib. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, reytinq əməliyyat mühitinin yüksək riskləri ilə bağlı olan bankın aktivlərinin keyfiyyətinin zəif olmasını, likvidliyin yüksək olmamasını və məhdud müştəri bazasını əks etdirir.

Agentliyin məlumatında deyilir ki, reytinqdə bankın səhmdarları tərəfindən banka dəstək verməsi nəzərdə tutulmayıb, lakin «Fitch» bankın ölkə hakimiyyəti ilə sıx əlaqələrini müsbət amil kimi hesab edir. Eyni zamanda vurğulanır ki, hakimiyyət tərəfindən banka birbaşa dəstəyin verilməsi ehtimalı aşağıdır, çünki bankın sistem üçün əhəmiyyəti yüksək deyil (2011-ci ilin yekunlarına görə, bankın aktivləri sektor üzrə ümumi göstəricinin cəmi 1,6%-ni təşkil edib).

Bu ilin ilk yarısında bankın kapital yetərliliyi əmsalı 13,3%-ə bərabər olub ki, Agentlik bu göstəricini yüksək qiymətləndirmir. Eyni zamanda bildirilir ki, bankın problemli aktivlərinin xüsusi çəkisi 6,2% təşkil edir. Bundan əlavə bankın əsas kapitalının 28%-nə bərabər olan banklararası bazardan cəlb edilmiş iki kredit də «Fitch»də narahatlıq doğurur. Məlumatda deyilir ki, avqustun 1-nə bankın məcmu likvidliyi bütün müxbir hesablarının yalnız 16%-ni örtüb ki, bunu da Agentlik yüksək göstərici kimi qiymətləndirmir.

«Fitch»in məlumatına görə, bankın kreditlərinin dəyərsizləşməsi, kapitalın azalması kimi amillər reytinqə gələcəkdə endirici, bankın sistem üçün əhəmiyyətinin artması, müştəri bazasının genişlənməsi kimi amillər isə yüksəldici təsir edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR