Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ölkəmizə səfərə gəlib

Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq  qrupunun üzvləri ölkəmizə səfərə gəlib
# 19 iyul 2012 09:03 (UTC +04:00)
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Britaniya Parlamentinin həm Lordlar, həm də İcmalar Palatasının nümayəndələri daxildir. İyulun 22-dək davam edəcək səfər çərçivəsində parlamentarilər - Kristofer Pinçer (dostluq qrupunun sədri), Jeyson McCartney, Bob Bləkman, Endrü Stefenson, Uoren Kleq, Stefan Hepbürn və Lord Leyrd ümummilli lider Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanında Əbədi Məşəl Kompleksi və Dağüstü Parkda 1918-ci ildə Bakıda həlak olmuş ingilis əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar.

Qeyd edək ki, Böyük Britaniya Parlamenti üzvlərinin Azərbaycana səfəri Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilir. Bu formatda səfərlərin baş tutması Azərbaycanla Böyük Britaniya arasında yaradılmış strateji tərəfdaşlıq münasibətlərinin nəticəsidir və ikitərəfli münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Səfər zamanı britaniyalı parlamentarilər Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ATƏT-in və Avropa Birliyinin Bakıdakı nümayəndəliklərində, həmçinin Azərbaycan – Böyük Britaniya parlamentlərarası işçi qrupunun üzvləri ilə ikitərəfli görüşlər keçirəcəklər. Parlamentarilərin Bakıdakı Dağ yəhudiləri dini icmasının nümayəndələri ilə də görüşləri nəzərdə tutulur.

Britaniyalı qonaqlar səfər müddətində Azərbaycanın regionlarında olan inkişaf və qeyri-neft sektorunda yaradılmış istehsal müəssisələri ilə tanış olacaq, Qəbələdə məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə məcburi köçkünlərlə görüşəcək və Nic kəndində tarixi Alban məbədini ziyarət edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR