«Nabucco» səhmlərinin bir hissəsini «Şahdəniz» konsorsiumuna satmağa hazırdır

«Nabucco» səhmlərinin bir hissəsini «Şahdəniz» konsorsiumuna satmağa hazırdır
# 23 iyul 2012 10:10 (UTC +04:00)
Bu barədə «APA-Economics”ə müsahibəsində “Nabucco Gas Pipeline International GmbH” konsorsiumunun sözçüsü Kristian Dolezal bildirib.

Qeyd edək ki, bir qədər əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan qazının Avropaya nəqli üçün əsas marşrut seçiləcəyi təqdirdə, «Şahdəniz» konsorsiumunun həmin layihədən pay alacağını söyləyib. “Nabucco” sözçüsü şirkətin buna hazır olduğunu vurğulayıb: «Bəli, «Nabucco» buna hazırdır və bu barədə danışıqlara açıqdır».

K.Dolezal bildirib ki, “Nabucco” üzrə ikitərəfli müqavilələr imzalandığına görə qərar verilən kimi kəmər tezliklə tikilə bilər: «Biz bu qərarın (qazın nəqli üçün son marşrutun seçilməsi barədə qərar nəzərdə tutulur - APA) tezliklə qəbul edilməsini gözləyirik və ümid edirik ki, qərar 2013-cü ilin iyuluna qədər, bəlkə ondan da tez qəbul edilsin”.

“Nabucco” rəsmisi kəmərin yeni qısaldılmış variantının (“Nabucco West”) ilkin varianta nisbətən xeyli ucuz olduğunu bildirsə də, onun necəyə başa gələcəyini açıqlamayıb. Amma qeyd edib ki, uzunluğu 4 min km-ə çatan ilkin variantdan fərqli olaraq, son variant 1300 km-dir və bu, onun qiymətinə təsir edir: «Ümid edirik ki, kəmərin qiyməti qaz satan tərəf üçün sərfəli olacaq».

Təmsil etdiyi layihənin Avropaya qaz nəqli ilə bağlı əsas marşrut seçilməsi şanslarını dəyərləndirən “Nabucco” rəsmisi bu layihənin cəlbedici olduğunu bildirib: “Hər iki layihə (TAP və “Nabucco West”) müxtəlif faktorlarına görə fərqlənir. Mən TAP layihəsinin şanslarını qiymətləndirə bilmərəm, amma deyə bilərəm ki, “Nabucco” cəlbedici layihədir. Biz «Şahdəniz» konsorsiumu ilə danışıqların nəticələrinə nikbinliklə yanaşırıq və ümid edirik ki, nəticədə «Şahdəniz» qazı «Nabucco» ilə nəql ediləcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR