Moskvada “YARAT” İncəsənət Məkanının layihəsinin təqdimatı keçirilib - FOTOSESSİYA

Moskvada “YARAT” İncəsənət Məkanının layihəsinin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 13 iyul 2012 13:20 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında III Moskva beynəlxalq gənc incəsənət bienalının paralel proqramı çərçivəsində “YARAT” İncəsənət Məkanının "PAT vəziyyəti" adlı əlaqələndirici layihəsinin təqdimatına həsr olunan tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Mars” Müasir İncəsənət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan mərkəzin təsisçisi Natalya Kosolapova artıq mərkəzdə bir sıra dünya miqyaslı tədbirlərin keçirildiyini söyləyib. O, azərbaycanlı rəssamların bu mərkəzdə əl işlərinin sərgilənməsini böyük uğur kimi qiymətləndirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında “YARAT” İncəsənət Məkanının qısa zamanda yaranmasına baxmayaraq, artıq böyük nüfuza malik olduğunu bildirib. O, Rusiya paytaxtında azərbaycanlı rəssamların əl işlərinin sərgilənməsinin sevindirici hadisə olduğunu deyib: “Bu bir daha sübut edir ki, Azərbaycanda güclü rəssamlıq məktəbi var”.

“YARAT” Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayev incəsənət məkanının kuratoru Aida Mahmudovanın adından təşkilatçılara azərbaycanlı rəssamların əl işlərinin sərgilənməsində göstərdikləri köməyə görə minnətdarlıq edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Cemma Səttarın "Tarakanlarla insan" adlı heykəltəraşlıq işi, Fidan Seyidovanın "İfrat laqeydlik" adlı videosu, Nəzrin Məmmədovanın "Et cetera" adlı fotosu, Rza Xəzərin isə "Sürgündə" adlı qrafik işi qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “YARAT” İncəsənət Məkanı "PAT vəziyyəti" adlı əlaqələndirici layihənin təqdimatı avqustun 12-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR