Azərbaycan Mərkəzi Bankı bu il 1 mlrd. dollara yaxın valyuta kütləsi alıb

Azərbaycan Mərkəzi Bankı bu il 1 mlrd. dollara yaxın valyuta kütləsi alıb
# 05 noyabr 2012 08:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2012-ci ilin yanvar-sentyabr ayları ərzində məzənnə siyasətini dəhliz daxilində dollar/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirib. «APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin yanvar-sentyabr ayları üzrə hazırladığı «Pul siyasəti icmalı»nda deyilir.

İcmala əsasən, ölkənin tədiyyə balansında böyük profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Lakin məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 9 ay ərzində 978 mln. dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə, hesabat dövrü ərzində manatın dollara qarşı məzənnəsi mülayim templə, cəmi 0,17% möhkəmlənib. Mərkəzi Bankın hesablamalarına görə, manatın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi mühitə və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.

Ümumilikdə, 2012-ci ilin 9 ayında AMB siyasətini qlobal iqtisadiyyatda kövrək artım, avrozonada risklərin artdığı və dünya maliyyə və əmtəə bazarlarında dəyişkənliyin qaldığı şəraitdə həyata keçirib. Dünya bazarlarında neftin yüksək qiyməti fonunda ölkənin xarici iqtisadi mövqeyi əlverişli olub. Strateji valyuta ehtiyatlarının böyüməkdə davam etməsi ölkənin iqtisadi dayanıqlığını daha da yüksəldib və qlobal iqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatıb.

İcmalda bildirilir ki, hesabat dövründə Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinə təsir edən amilləri nəzarətdə saxlayaraq çevik-adekvat siyasət həyata keçirib. AMB fəaliyyətini pul və maliyyə sabitliyi siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq inflyasiyanın optimal səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, bank-maliyyə sektorunda inkişafın və dayanıqlığın möhkəmləndirilməsi kimi hədəflərin reallaşmasına yönəldib.

Hesabat dövründə qlobal əmtəə qiymətlərinin artımını və daxili tələbin genişlənməsini nəzərə alaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasəti həyata keçirib. Nəticədə, makroiqtisadi və maliyyə sabitliyinin mühüm amili olan manatın mübadilə məzənnəsi sabit olub və inflyasiya təkrəqəmli səviyyədə qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR