«Aqrarkredit» təşkilatı bu ilin I yarısında 360 sahibkarlıq subyektinə 4,3 mln. manatlıq kredit verib

«Aqrarkredit» təşkilatı bu ilin I yarısında 360 sahibkarlıq subyektinə 4,3 mln. manatlıq kredit verib
# 16 iyul 2012 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatının ümumi aktivləri 2012-ci ilin iyul ayının 1-nə 26,7 mln. manat, kredit portfeli 16,3 mln. manat, məcmu kapitalı 20,1 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 18,6 mln. manat təşkil edib.

Təşkilatın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin birinci yarısında «Aqrarkredit» tərəfindən Kənd Yerlərinin Kreditləşməsi xətti ilə 360 sahibkarlıq subyektinə və 390 borcalan qrupuna 4,3 mln. manat, o cümlədən heyvandarlığın inkişafına 2,4 mln. manat, bitkiçiliyin inkişafına 0,4 mln. manat, ticarət və xidmət sahələrinə 1,4 mln. manat, digər sahələrə 0,1 mln. manat, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına isə 111 sahibkarlıq subyektinə 1,03 mln. manat kredit verilib.

Həmin dövr ərzində Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) maliyyələşdirdiyi «Şimal-Şərq İnkişaf layihəsi» çərçivəsində Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında sahibkarlıq subyektinə və borcalan qruplarına 218,6 min manat, eləcədə həmin fondun maliyyələşdirdiyi «Şimal-Qərb Kənd inkişaf layihəsi» çərçivəsində isə Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarında 580 fərdi sahibkara və borcalan qruplarına 1,7 mln. manat kredit verilib.

Bu ilin yanvar-iyun ayları ərzində Yaponiya Hökumətinin Qrantı və Tərəfdaşlıq Fondu hesabına ötən illərdə alınmış və lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalcılarına icarəyə verilmiş kənd təsərrüfatı texnikalarının istifadəsindən Tərəfdaşlıq Fondunun hesabına 119,5 min manat vəsait toplanılıb.

Qeyd edə ki, ötən ildə təşkilatın ümumi gəlirləri 2,213 mln. manat, xərcləri isə 1,663 mln. manat olub. Nəticədə, təşkilatın mənfəəti 0,550 min manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR