“Xəzər Lənkəran” klubunun məşqçiləri istefaya göndərilib

“Xəzər Lənkəran” klubunun məşqçiləri istefaya göndərilib
# 01 oktyabr 2012 08:17 (UTC +04:00)
Bakı – APA. "Xəzər Lənkəran" klubunun ofisində komanda rəhbərliyinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, bir neçə saat davam edən iclasda əsas və əvəzedici heyətlərin 2012/2013 mövsümü çempionatında çıxışları müzakirə olunub.

Klubun saytında yer alan bəyanatda bildirilir ki, rəhbərlik komandaların turnir cədvəlində tutduqları mövqeyi, sərgilədikləri oyunu, komandadaxili ab-havanı və bəzi futbolçuların davranışlarına nəzər salaraq, mövcud vəziyyəti heç də "Xəzər Lənkəran"a yaraşmadığı qənaətinə gəlib.

Cari mövsümdə komandanın keçirdiyi 6 oyunda cəmi 5 xal toplaya bilməsi və turnir cədvəlində 11-ci yerdə qərarlaşması rəhbərliyi qəti tədbirlərə əl atmağa sövq edib.

Belə ki, əsas komandanın məşqçilər korpusunda köklü islahatlar həyata keçirilib. Bu islahatlar çərçivəsində baş məşqçinin köməkçiləri Zaur Ramazanov, Zakir Mahmudov və Alim Qurbanov tutduqları vəzifədən azad olunub.

Əvəzedici heyətin cari mövsüm ərzində 7 turdan sonra 2 xal toplayıb 12-ci yerdə olmasını nəzərə alaraq, həmin komandanın baş məşqçisi Elbrus Məmmədova sonuncu xəbərdarlıq və şiddətli töhmət edilib, qarşısına qısa bir zamanda yaranmış vəziyyətin düzəlməsi üçün əməli tədbirlər görməsi tələbi qoyulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR