Prezident “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunu təsdiqləyib

Prezident “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunu təsdiqləyib
# 05 sentyabr 2012 16:25 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı
hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

APA-Economics”in məlumatına görə, qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəalar istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

Məcəllənin qüvvəyə mindiyi gündən “Şəhərsalmanın əsasları haqqında” qanun ləğv edilir. Şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Məcəllə qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə hüquqi qüvvəsini saxlayır. Bu sənədlər məqsəd və məzmun baxımından Məcəllənin V fəslinin müddəalarına uyğunlaşdırılmalı, eləcə də Məcəllə ilə müəyyən edilmiş qaydada elan olunmalıdır. Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur.

Bu cür ərazi planlaşdırılması sənədləri barədə onların sifarişçiləri Məcəllədə nəzərdə tutulmuş qaydada ictimaiyyətə ətraflı məlumat verməli və həmin sənədləri öz saytlarında dərc etməlidirlər.

Məcəllə qüvvəyə minənədək torpaq islahatı ilə bağlı torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada kənd ərazilərində naturada işlənilmiş və təsdiq edilmiş yerquruluşu planları müfəssəl planlara bərabər sayılır.

Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində qüvvədədir. Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız XVI-XVIII fəsillərində nəzərdə tutulmuş müddəalar şamil olunur.

Məcəllə qüvvəyə minənədək tikintisinə icazə verilmiş, lakin Məcəlləyə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinin tikintisinə nəzarət Məcəllənin 80.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Məcəllə qüvvəyə minənədək ekspertizadan keçirilmiş, lakin icrasına başlanılmamış tikinti layihələrinə dair ekspert rəyləri tikintiyə icazənin qüvvədə olduğu müddətdə etibarlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR