Bank Of Baku

Hondurasda çevriliş olub, prezident ölkədən qovulub

Hondurasda çevriliş olub, prezident ölkədən qovulub
# 29 iyun 2009 09:34 (UTC +04:00)
Bakı – APA. İyunun 28-də Hondurasda hərbi çevriliş baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ordu bölmələri prezident Manuel Selayanın iqamətgahını mühasirəyə alıblar və onu həbs edərək yaxınlıqdakı aviabazaya aparıblar. Bir qədər sonra M. Selaya qonşu Kosta-Rikada ortaya çıxıb. O, jurnalistlərə açıqlamasında generalların qəsdinə məruz qaldığını və oğurlandığını deyib. M. Selaya həbsdən necə qurtulduğunu açıqlamasa da, onun hərbçilər tərəfindən təyyarə ilə Kosta-Rikaya göndərildiyi bildirilir. Honduras Ali Məhkəməsi isə prezidentin vəzifədən uzaqlaşdırılması haqqında qərar qəbul edərək hərbi çevrilişi qanuniləşdirib. Qərarda bəyan edilir ki, ordu Konstitusiya quruluşunun müdafiəsinə qalxıb. Qanunverici orqan – Milli Konqres də öz növbəsində dövlət başçısının istefaya göndərilməsi barədə qərar qəbul edib. Parlamentin sədri Roberto Miçeletti müvəqqəti olaraq prezident səlahiyyətlərinin icraçısı təyin edilib.


M. Selayanın yaxın dostu, Venesuela prezidenti Uqo Çaves Hondurasdakı çevrilişdə ABŞ-ın əli olduğunu bildirib. O, çevrilişi pisləyərək ABŞ prezidentini də bu cür davranmağa çağırıb. Barak Obama isə Hondurasdan gələn xəbərlərdən dərin narahatlığını ifadə edərək bütün siyasi qüvvələri demokratik normalara əməl etməyə səsləyib.

Qeyd edək ki, 2006-cı ildə prezident seçilən M. Selayanın səlahiyyət müddəti 2010-cu ilin yanvarında bitməli idi. O, ikinci müddətə seçilmək üçün Konstitusiyanı dəyişmək istəyib və bu məqsədlə referendum planlaşdırıb. Ordunun zabit heyəti isə bunun əleyhinə çıxıb. Ötən həftə M. Selaya müdafiə nazirini, Baş Qərargah rəisini, quru, dəniz və hava qüvvələrinin komandanlarını vəzifədən uzaqlaşdırıb. Ancaq Ali Məhkəmə bu qərarların və referendum keçirilməsi cəhdinin qanunsuz olduğu haqda qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR