Bank Of Baku

Müəmmər Qəddafi BMT-də qalmaqal yaradıb

Müəmmər Qəddafi BMT-də qalmaqal yaradıb
# 24 sentyabr 2009 08:13 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, 40 ildir Liviyanı idarə edən M. Qəddafi BMT üzvləri arasında qeyri-bərabərliyə diqqət çəkərək təşkilatın Təhlükəsizlik Şurasının 5 daimi üzvünün hakimiyyəti altında olduğunu, veto hüququna malik bu dövlətlərin (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) öz maraqları çərçivəsində hərəkət etdiklərini deyib. O, BMT Nizamnaməsinin yazıldığı kitabçanı göstərərək veto hüququnun və TŞ daimi üzvlüyünün bu Nizamnaməyə zidd olduğunu söyləyərək kitabçanı kürsüyə atıb. M. Qəddafi böyük dövlətləri, xüsusən ABŞ-ın siyasətini sərt tənqid edib: “Talibanın düşmən olduğunu kim müəyyənləşdirdi? Üsamə bin Laden Talibandırmı? Xeyr. Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə hücum edən Taliban idi, əfqan idi? Xeyr. Taliban eynilə Vatikan kimi din dövləti qurmaq istəyirsə, bunda pis nə var? Vatikan bizə təhlükə törədirmi? Xeyr”.

Liviya lideri ərəblərin yəhudilərlə düşmənçiliyi olmadığını, hətta yəhudilərin ərəblərin qohumu olduğunu vurğulayıb. O, salondakı avropalı liderlərə üzünü tutaraq deyib: “Yəhudilərə nifrət edən, yəhudi düşməni olan sizsiniz. Yəhudi soyqırımı və Avropada yəhudi cəsədlərinin təndirdə yandırılmasına görə sizlər məsuliyyət daşıyırsınız”.

M. Qəddafi İsrail-Fələstin probleminin iki ayrı dövlətin yaradılması yolu ilə həll edilməsinə də qarşı çıxıb: “Xahiş edirəm, artıq bundan bəhs etməyin”. Onun fikrincə, Fələstin problemi Livan modeli əsasında – yəhudilər, müsəlmanlar, xristianlar və digərlərinin vahid dövlətdə birləşdirilməsi yolu ilə həll olunmalıdır. M. Qəddafi avropalıları Afrikaya 7 milyard 770 milyon dollar təzminat ödəməyə də çağırıb.

Qeyd edək ki, M. Qəddafinin çıxışından əvvəl ABŞ prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və ABŞ-ın BMT-dəki səfiri Suzan Rays zalı tərk ediblər. M. Qəddafi çıxış üçün 15 dəqiqə vaxt verilməsinə baxmayaraq, 1 saat 35 dəqiqə danışıb. Aparıcı ona irad tutsa da, M. Qəddafi B. Obamanın da çox danışdığını bildirərək bu xəbərdarlıqlara məhəl qoymayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR