Bank Of Baku

Güclü qar yağması üzündən ABŞ üç ştatında fövqəladə vəziyyət elan olunub

Güclü qar yağması üzündən ABŞ üç ştatında fövqəladə vəziyyət elan olunub
# 30 yanvar 2010 02:31 (UTC +04:00)
Bakı-APA. Artıq neçə gündür ki, ABŞ-ın mərkəzi ştatlarında tüğyan edən qar tufanı üzündən ötən cümə günü Arkanzas, Oklaxoma və Tennesi ştatlarında fövqəladə vəziyyət elan olunub.

APA-nın vesti.ru-ya istinadən verdiyi məlumata görə, təbii fəlakət regionunda 175 min fərdi ev və ofislər elektrik enerjisindən məhrum olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, elektrik enerjisi verilişinin bərpası üçün ən azı bir həftə vaxt lazımdır.

Fövqəladə vəziyyət Virciniya, Alabama və digər ştatların bəzi rayonlarında da elan olunub. Bu ştatlarda məktəblər və dövlət idarələri müvəqqəti olaraq bağlanıb.

Qeyd edək ki, qar tufanları artıq bir neçə gündür ki, ABŞ-ın mərkəzi rayonlarını ağuşuna alıb. Qeyri sabit hava şəraiti Nyu-Meksiko ştatından Şimali Karolinayadək böyük bir ərazini əhatə edir. Yalnız ötən gün ərzində bəzi rayonlarda 40 santimetr qalınlığında qar yağıb.

Təbii fəlakətin baş verdiyi ərazilərdə elektrik enerjisi xətlərinin donması qeydə alınıb. Bəzi ərazilərdə naqillərin üzərində yaranmış buz qatının qalınlığı 6 sm-dən artıqdır. Bu isə elektrik xətlərinin qırılmasına gətirir.

Pis hava şəraiti ilə əlaqədar olaraq Oklaxoma-Siti (Oklaxoma ştatı) və Littl-Rok (Arkanzas ştatı) hava limanlarında, habelə Texas ştatının hava limanlarında yüzlərlə aviareys təxirə salınıb. Bunun əsas səbəbi təyyarələrin həddən artıq buzlaşması və texnikanın uçuş zolağını təmizləyə bilməməsi ilə əlaqədardır.

Sinoptiklərin məlumatlarına görə, Adı çəkilən ərazilərdə hələ bir neçə gün güclü qar yağacaq, sonradan isə qar yağıntıları ölkənin şərq rayonlarına doğru irəliləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR