Bank Of Baku

Pentaqon elektron müharibələr aparmaq məqsədilə kiber komandanlıq yaradır

Pentaqon elektron müharibələr aparmaq məqsədilə kiber komandanlıq yaradır
# 20 sentyabr 2007 09:18 (UTC +04:00)
ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində kiber məkanda müharibələrə cavabdeh olan xüsusi birləşmə yaradılıb. APA-nın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, müvəqqəti komandanlıq Luiziana ştatının Barksleyd şəhərində yerləşəcək. Orada hazırda internet-müdafiə və elektron silahın yaradılması üzrə xüsusi mərkəz fəaliyyət göstərir. Pentaqonun planlarına əsasən bir il sonra kiber məkanda müharibələrə cavabdeh olan müvəqqəti komandanlığın bazasında ABŞ Hərbi Hava Qüvvələrinin Baş Kiber Komandanlığı formalaşdırılacaq. Kiber komandanlıq hərbi hava və kosmik qüvvələrlə birlikdə kiber məkanda qlobal əməliyyatların aparılması ilə məşğul olacaq. Yeni struktura Hərbi Hava Qüvvələrinin 8-ci birləşməsinin komandiri, general-leytenant Robert Elder başçılıq edəcək.
ABŞ Müdafiə Nazirliyinin bu addımı Çinin kiber məkanda fəallığının artması ilə bağlıdır. Pentaqonun məlumatlarına görə, Çin ordusu ABŞ-ın elektron təhlükəsizlik sisteminin dağıdılması məqsədilə xüsusi viruslar hazırlayır və mümkün hücumlara qarşı özünün elektron müdafiə sistemini qurur. Bundan başqa, İraqda piyadalar əleyhinə minaların internet vasitəsilə idarə olunması, beynəlxalq peyk sistemlərinə və maliyyə əməliyyatlarına virtual təsirlər də ABŞ-a təhlükə törədir. ABŞ-ın kiber komandanlığı hakerlərin qarşısının alınması, düşmənin hərbi kompüter şəbəkəsinə hücumlar, informasiyaların mühafizəsi və digər funksiyaları yerinə yetirəcək. Bəzi mütəxəssislər perspektivdə elektron müharibələrin mülki sferanı da əhatə edəcəyini bildirirlər. Belə ki, düşməni fəaliyyət imkanlarından məhrum etmək üçün maliyyə mərkəzləri, ümumvətəndaş rabitə sistemləri də hücumlara məruz qala bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR