AzMİU-da Türk Universitetləri Birliyinin nümayəndələri ilə tələbə mübadiləsi proqramı müzakirə olunub

AzMİU-da Türk Universitetləri Birliyinin nümayəndələri ilə tələbə mübadiləsi proqramı müzakirə olunub
# 23 sentyabr 2016 13:27 (UTC +04:00)

Bakı-APA. Bu gün Türk keneşi Türk Universitetlər Birliyinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olublar.

AzMİU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, rektor, professor Gülçöhrə Məmmədova Birliyə daxil olan Azərbaycan universitetləri arasında AzMİU-nun öncüllərdən olduğunu xatırladıb. O, bu əməkdaşlığa ciddi yanaşdıqlarını, qurumun bütün tədbirlərində fəal iştirak etdiklərini vurğulayıb. G. Məmmədova Universitetin beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan söhbət açıb.

Nümayəndə heyətinə rəhbərlik edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Ömer Kocaman da təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, elm və təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. O, Şura çərçivəsində fəaliyyət göstərən Türk Universitetlər Birliyinin quruma üzv olan türkdilli ölkələrin ali təhsil müəssisələriylə qarşılıqlı tələbə mübadiləsi aparmaq istəklərindən danışıb, bu istiqamətdə görülən işlər barədə məlumat verib. 2017-2018-ci illərdə bu layihənin gerçəkləşməsi arzusunda olduqlarını deyən Ömer Kocaman türkdili ölkələrin universitetləri sırasına Qazaxıstan və Qırğızıstanın da qoşulacağını diqqətə çatdırıb.

Nümayəndə heyətinin AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, tədris işləri üzrə prorektoru Akif Qasımov, Tədris şöbəsinin müdiri Sabir Məmmədov, xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və şöbənin əməkdaşı Könül Şirinova ilə işgüzar görüşü keçirilib. Görüşdə təklif olunan layihənin AzMİU-da gerçəkləşməsi üçün vacib olan məsələlər qarşılıqlı müzakirə olunub, təhsil və elmlə bağlı bir sıra layihələrin icrası qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR