Goranboyda aşkarlanan heyvan cəmdəyi zərərsizləşdirilib

Goranboyda aşkarlanan heyvan cəmdəyi zərərsizləşdirilib
# 20 iyul 2016 16:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Goranboyda aşkarlanan heyvan cəmdəyindən baytarlıq qanunvericiliyinə uyğun götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müayinələrin nəticəsinə əsasən iribuynuzlu heyvan cəmdəyinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz, insan və heyvan qidası üçün yararsız olması, baytarlıq-sanitariya tələblərinə cavab verməməsi, aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti olması nəzərə alınaraq onun zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq iyulun 20-də iribuynuzlu heyvan cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboy rayonunun Şahməmmədli kəndinin ərazisində xüsusi ayrılmış yerdə kütləvi informasiya vasitələri və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Qeyd edək ki, iyul ayının 16-da alınmış məlumat əsasında Dövlət Xidmətinin Goranboy Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Goranboy şəhəri Cəlil Məmmədquluzadə küçəsi ev 10-da yaşayan Rzayev İlqar Saşa oğlunun həyətində qanunsuz, antisanitar vəziyyətdə fəaliyyət göstərən heyvan kəsim yeri və 1 baş, çəkisi 125 kq olan, üst-üstə tökülmüş vəziyyətdə, üfunətli iyi verən kəsilmiş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR