Bakıda İsveçrənin turizm imkanları ilə bağlı təqdimat keçirilib

Bakıda İsveçrənin turizm imkanları ilə bağlı təqdimat keçirilib
# 04 aprel 2016 16:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bakıda İsveçrənin turizm imkanları ilə bağlı təqdimat keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən İsveçrə turizminin yüksək səviyyəli nümayəndəsi, yeni yaranmaqda olan bazarlar və xüsusi layihələr üzrə direktor Federiko Sommaruqa bildirib ki, bu cür təqdimatlar artıq Astana və Almatı kimi şəhərlərdə keçirilib.

Onun sözlərinə görə, təqdimatda 18 şirkət təmsil olunub.

F. Sommaruqanın sözlərinə görə, ötən həftə İsveçrənin biznes nümayəndələri ilə görüşlər keçirilib və bu təqdimatların təşkilində əsas məqsəd yerli biznes nümayəndələri ilə sıx əlaqələrin yaradılmasıdır.

Turizm sənayesinin İsveçrə iqtisadiyyatının əsasını təşkil etdiyini deyən F. Sommaruqa bu sahənin hər il ölkə iqtisadiyyatına 28 milyard İsveçrə frankı qazandırdığını deyib. Bununla yanaşı o qeyd edib ki, İsveçrəyə səfər edən azərbaycanlı turistlərin sayı çox azdır: “Lakin əminik ki, bu trend inkişaf edəcək. Sizin iqtisadiyyatınız, dövlətiniz güclənir, buna görə də səfər etmək imkanlarınız artacaq”.

Ötən ilədək AZAL-ın Bakıdan Cenevrəyə uçuşlar həyata keçirdiyini deyən rəsmi nümayəndə uçuşlar dayandırıldıqdan sonra səfər edənlərin sayında azalma müşahidə olunduğunu diqqətə çatdırıb: “Hazırda AZAL ilə müzakirələr aparmırıq. Lakin bu mövzunu 3 həftə əvvəl turizm nazirinin müavini ilə keçirdiyimiz görüşdə gündəmə gətirmişik”.

Sonra turizm sahəsində təhsil imkanları, səhiyyə, otel şəbəkələri ilə bağlı kiçik təqdimatlar olub. Sonda qeyd edilib ki, İsveçrəyə getmək istəyən azərbaycanlılar “myswitzerland.com” saytı vasitəsilə ölkə turizmi barədə onları maraqlandıran suallara cavab tapa bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR