Milli Azərbaycan Tarixi Muzeyi qədim dövrlərə aid yeni eksponatlar əldə edib

Milli Azərbaycan Tarixi Muzeyi qədim dövrlərə aid yeni eksponatlar əldə edib
# 09 sentyabr 2016 08:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarix Muzeyi qədim dövrlərə aid yeni eksponatlar əldə edib.

AMEA-dan APA-ya verilən xəbərə görə, antik eksponatlar Şəmkirin Qaracəmirli kəndində arxeoloji qazıntılar zamanı tapılıb. Arxeoloji qazıntılar Almaniyadan gələn arxeoloqlarla birgə aparılıb. Burada arxeoloji qazıntı işləri nəticəsində Əhəmənilər dövrünə (e. ə. V-IV əsrlər) aid böyük ictimai binaların qalıqları aşkarlanıb. Arxeoloji tapıntıların böyük qismi qəbirlərdən toplanıb. İzlənilən qəbirlər əsasən son tunc-erkən dəmir dövrünə aiddir.

Əldə edilən bir sıra tapıntılar Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna təhvil verilib. Qəbirlərdən müxtəlif növ muncuqlar, saxsı qablar, tunc silah, bəzək əşyaları və s. tapılıb. Muzeyə təhvil verilən materiallar əsasən keramika və tunc məmulatıdır. Buraya kasa tipli gil qab, vaza, cam, nehrə, küpə, fincan, tək qulplu iri su qabı, oval formalı gil qab, dolça, tunc üzük, kiçik ölçülü tunc xəncər və s. daxildir. Antik əşyalar Azərbaycan tarixinin qədim dövrünün tədqiq və təbliğində mühüm əhəmiyyətə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR