Azərbaycanda xidməti və mülki silahın sertifikatlaşdırılması qaydaları təsdiqlənib

Azərbaycanda xidməti və mülki silahın sertifikatlaşdırılması qaydaları təsdiqlənib
# 14 mart 2016 15:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Xidməti və mülki silahın sertifikatlaşdırılması Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, martın 11-dən qüvvəyə minən bu Qaydalar xidməti və mülki silahın sertifikatlaşdırılması ilə bağlı işin təşkilini, habelə sertifikatlaşdırılmaya dair texniki tələbləri və xidməti və mülki silahın sınaqdan keçirilməsi qaydalarını müəyyən edir.

Sertifikatlaşdırma insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun istehsalının, idxalının və dövriyyəyə buraxılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir. Sertifikat Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın dövriyyəsi üçün əsasdır.

Silahın və onun döyüş sursatının sertifikatlaşdırılması zamanı seriyalı və ya tək-tək istehsala başlandıqda (sınaq nümunələrin istehsalından başqa), Azərbaycan idxal olunduqda aparılır. Sertifikatlaşdırma zamanı silahındavamlılıq və təhlükəsiz işləmə, tibbi-bioloji və kimyəvi-analitik tələblərə uyğunluq və kriminalistik tələblərə uyğunluğa cavab verməsinin yoxlanılması məqsədi ilə sınaqlar aparılır. Yalnız ixrac məqsədi ilə istehsal olunmuş (idxalçı ölkələrin texniki şərtlərinə uyğun olaraq) silahın və onun döyüş sursatlarının sertifikatlaşdırılması zamanı onlar mütləq davamlılığa və təhlükəsiz işləməyə dair sınaqdan keçirilir.Silahın modelinin sertifikatlaşdırılması zamanı silahın hər bir modelinə uyğunluq sertifikatı verilir.

Xarici ölkə istehsalı olan silah partiyasının sertifikatlaşdırılması sertifikatlaşdırma üzrə orqanda eyniləşdirməni, qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş sınaq laboratoriyalarında tibbi-bioloji və kimyəvi-analitik tələblərə uyğunluğa dair sınaqları və möhkəmliyə və təhlükəsiz işləməyə dair sınaqları ehtiva edir. Azərbaycana gətirilən xaricdə istehsal olunmuş silaha dair sınaq protokolları, sertifikat və silahın istismarı haqqında təlimat müvafiq xarici dildə olmaqla yanaşı, Azərbaycan dilinə də tərcümə olunmalıdır. Texnoloji məqsədlər üçün silahların idxalı istisna olmaqla, Azərbaycana idxal edilən silahın və onun döyüş sursatlarının qablaşdırılmasının üzərində olan markalanma və təhlükəsiz rəftar haqqında məlumatlar Azərbaycan dilində olmalıdır.

Silahın sertifikatlaşdırılması üçün sifarişçi silahın sertifikatlaşdırılması üzrə orqana sifariş verir. Sifarişdə hüquqi şəxslər üçün - hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi) əksini tapmalıdır. Azərbaycan Respublikasında istehsal olunmuş silah üçün sifarişlə birlikdə silahın istehsalına verilən xüsusi icazə, qeydiyyata alınmış texniki şərtlər, silahın pasportu, silahın rəngli şəkli və onun yığma cizgisi təqdim olunmalıdır. Xaricdə istehsal olunmuş silah üçün sifarişlə birlikdə silahın satışına verilən xüsusi icazə, silahın alınmasına dair müqavilə, istehsalçının keyfiyyət sertifikatının və sertifikatlaşdırmanı aparan ölkənin uyğunluq sertifikatının surətləri və onların azərbaycan dilində tərcüməsi, silahın pasportunun (istismar üzrə təlimat) azərbaycan dilində tərcüməsi, silahın rəngli şəkli və onun yığma cizgisi təqdim olunmalıdır.

Silahın sınaq üçün seçilməsi müvafiq texniki normativ hüquqi aktın tələblərinə uyğun aparılır.

-

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR