Kür çayı üzərindəki körpünün tikintisi başa çatıb

Kür çayı üzərindəki körpünün tikintisi başa çatıb
# 18 dekabr 2015 08:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri yekunlaşıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sürücülər yeni körpüdən sözügedən avtomobil yolu istismara verilərkən istifadə edə biləcəklər.

Layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54,4 - 55,8 kilometrliyində 1 400 metrlik ərazidə aparılıb. 5 aşırımdan ibarət yeni körpünün uzunluğu 362,9 metr, eni isə 29,8 metrdir. Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər də qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.

Tikinti işləri nəticəsində 3 ədəd dairəvi borunun quraşdırılması aparılıb, 1 ədəd düzbucaqlı su keçidi, 1 heyvan keçidi, 1 alt keçid inşa edilib. Bundan başqa 8x5 metr ölçüdə əlavə yeraltı keçidin tikintisi və körpü üzərində işıqlandırma sisteminin quraşdırılması işləri də həyata keçirilib.

Körpünün eninin böyüklüyünə görə, Azərbaycanda ilk dəfə olaraq eninə gərginləşdirmə aparılmaqla konsollardan istifadə edilib. Körpü 9 ballıq seysmik təsir, A15 və NK-100 müvəqqəti yük təsirinə hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR