İspaniya partiyaları Aİ-Türkiyə razılaşmasının əleyhinə çıxıb

İspaniya partiyaları Aİ-Türkiyə razılaşmasının əleyhinə çıxıb
# 11 mart 2016 01:57 (UTC +04:00)

Bakı-APA. İspaniya partiyalarının əksəriyyəti “Balkan marşrutu” üzrə Avropa İttifaqına miqran axınına son qoyacaq Aİ-Türkiyə razılaşmasının əleyhinə çıxış edərək, ölkənin baş naziri vəzifəsini icra edən Mariano Raxoyu sənədi imzalamamağa çağırıblar.

Qeyd edək ki, martın 8-də Aİ üzvü olan 28 ölkənin liderləri və Türkiyənin baş naziri “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişinin altı prinsipini razılaşdırıblar. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantalı öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir. Bunun müqabilində Türkiyə ilə viza rejiminin sadələşdirilməsi və Aİ-yə üzvlük üzrə danışıqların tezləşdirilməsi, həmçinin, 3 mlrd avro vəsaitin ayrılması nəzərdə tutulub. Bundan başqa tərəflər birlikdə Suriyada humanitar vəziyyəti yaxşılaşdırmaq niyyətindədirlər. 17-18 martda keçiriləcək növbəti sammitdə bu prinsiplər əsasında yekun sazişin imzalanması gözlənilir.

İspaniyanın Sosialist Fəhlə Partiyası hökumətdən bütün avropalı tərəfdaşları bu razılaşmanı yenidən nəzərdən keçirməyə çağırmağı tələb edib və qaçqınlar sahəsində siyasətə dair öz təkliflərini təqdim edib. “İnsan haqlarının müdafiəsi və beynəlxalq öhdəliklər tək bir ölkənin üzərinə qoyula bilməz”, - deyə Sosialist Fəhlə Partiyasından seçilmiş deputat İqnasio Sançes Amor Türkiyəni nəzərdə tutaraq bildirib.

Mərkəzçi “Vətəndaşlar” və solçu “Podemos” partiyaları da Aİ-Türkiyə razılaşmasına qarşı çıxış ediblər. “Bu təkliflər faktiki olaraq insanların kütləvi şəkildə Türkiyəyə deportasiya olunmasını nəzərdə tutur. Türkiyə bununla jandarma çevriləcək, bu isə Aİ üçün rüsvayçılıqdır. Biz Raxoyun (baş nazirin-red.) insanların sürgün edilməsi ilə razı olub-olmamasını bilmək istəyirik” – deyə “Podemos” partiyasının liderlərindən biri İnyiqo Errexon bildirib.

“Bu sazişin qanunauyğunluluğu sual altındadır. Çünki Yunanıstana gələn qaçqınların Türkiyəyə qaytarılması onların Aİ-dən sığınacaq istəmək imkanından məhrum edəcək. Bu isə Cenevrə Konvensiyasına ziddir”, - deyə Avropa Parlamentində “Birləşmiş solçular”ın nümayəndəsi Marina Albiol bildirib.

“El Pais” nəşri bildirir ki, Sosialist Fəhlə Partiyası və “Vətəndaşlar” partiyası baş nazir Raxoya müraciət edərək, Aİ-Türkiyə sazişini parlamentə təqdim edilməsini tələb ediblər. Hökumət isə buna cavabında bildirib ki, Raxoy parlament tərəfindən seçilmədiyindən, deputatlar qarşısında hesabat vermək hüququna malik deyil. Nazirlər Kabineti həmçinin qeyd edib ki, martın 7-də Aİ Şurasının iclası deyil, sadəcə, avropalı liderlərin Türkiyənin baş naziri ilə görüşü baş tutub. Bu cür görüşlərin nəticələrinin isə parlamentin gündəliyinə salınması mütləq deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR