Qafqaz Universiteti ilə Dəniz akademiyası arasında memorandum imzalanıb

Qafqaz Universiteti  ilə Dəniz akademiyası arasında memorandum imzalanıb
# 04 fevral 2016 12:39 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olub.

Qafqaz Universitetindən APA-ya bildirilib ki, nümayəndə heyətini qəbul edən universitetin rektoru, professor Ahmet Saniç Qafqaz Universiteti haqda məlumat verib. Onun sözlərinə görə, təhsil ocağında e-universitet sistemi tətbiq olunur: “Üç milyon bazası olan elektron kitabxanamız var. Şirkətlərlə qurulmuş əlaqələr sayəsində universitetin maddi-texniki bazası müasir avadanlıqlarla təchiz olunub. “bp-Azərbaycan” tərəfindən qurulmuş 11 sahə üzrə mexanika laboratoriyaları əməkdaşlığımızda mühüm rol oynaya bilər”.

Çingiz Əliyev qeyd edib ki, Azərbaycanda dənizçilik təhsilinin bünövrəsi 1881-ci ildə qoyulub. 1996-cı ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıb. Hazırda Akademiyada 3 fakültə, 16 kafedra fəaliyyət göstərir. Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınıb, onun təşəbbüsü ilə dünya ali dəniz təhsili sisteminə daxil edilib: “Akademiya MDB və xarici ölkələrin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir və Sankt-Peterburqdakı admiral S.Makarov adına Dəniz Akademiyası yanında elmi-metodik Şuranın üzvüdür. Dəniz Akademiyasının verdiyi diplom və sertifikatlar beynəlxalq səviyyədə tanınır”.

Sonra iki təhsil müəssisəsi arasında memorandum imzalanıb. Memoranduma əsasən, hər iki ali təhsil ocağının imkanlarından onların müəllim və tələbələri qarşılıqlı şəkildə istifadə edəcək, xüsusən mexanika mühəndisliyi və idarəetmə ixtisasları arasında əməkdaşlıq genişləndiriləcək .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR